Əhməd bəy Ağaoğlu-Sərbəst İnsanlar Ölkəsində (hissələr)

15703396

Mən bir əsir idim,
Azad olmaq istədim

Azad olmaq nə qədər də çətin imiş !
****

İstibdadın (despotizmin) mənəvi köklərini və izlərini söküb atmayan mühitlər özbaşınalıqla azadlıqsızlıq arasında dolaşmağa məhkumdurlar.
*****
Ölkəni uçuruma aparan istibdadın özü yox, istibdad quruluşunun işıqlı adamları mənən əzib korlamasıdır.
******
Hökumət və güc pozucu amillərdir.Budda öz ləyaqətini hamıya göstərmək istədiyi zaman ilk işi o oldu ki, hökumətdən çıxdı.İnsanlara hökm etmək ən sayqılı və ən seçmə ruhlarda belə hakimlik hissi yaradır.
********
Özünü fəda etmək keyfiyyətinə təkcə insanlarda rast gəlinir.Bu dəyərli özəllik insanı üstün bir varlığa çevirir.Məhz bu özəlliyin inkişafı fərd və cəmiyyət arasında fərqi ölçməyə imkan verir.Ayrıca bir fərd və ayrıca bir cəmiyyət yüksəldikcə,həmin özəllik də artır .Və tərsinə,fərdlər və cəmiyyət alçaldıqca,fədakarlıq da azalır.
*********
Axı bir insan başqasının təkrarından başqa bir şey deyildir.
***********
Düşüncə və duyğularını tez tez dəyişən və gizli saxlayan adamlarda ləyaqət axtarmaq əbəsdir.Aydındır ki belə insanlar azad ola bilməzlər.
************
Fərdlərdə ləyaqətin olmadığı yerdə azadlıq olmadığı kimi, ciddilik də qalmaz.Ciddiliyin yerini lağlağı tutar.İnsanlar o qədər alçalarlar ki, özlərini ,daşıdıqları fikirləri ,yaratdıqları qurumları, vətən və vətəndaşlarını dolayıb ələ salar,acılıyarlar.
**************
Pul və qorxu ilə ələ alınan belə seçkin adamların daxili və xarici arasında faciəli bir təzad və çəkişmə yaranır.Belələri adətən şeytana çevrilirlər.Xarici daxilindən incik və küskün olur,içi də çölünə lənət oxuyur.Daxildə daşıdıqlarını üzdəki maskalar inkar edir,üzlərindəki maskalara da içləri nifrət duyur.
****************
Onun baxışlarına görə millət deyildiyi zaman bir kütlənin içindəki bütün fərdlər deyil,həmin kütləni mənəvi cəhətdən təmsil edən şüurlu ziyalı zümrəsi nəzərdə tutulmalıdır.
******************
Mövzusu və hədəfi cəmiyyət və təbiət olmayan ədəbiyyat və təfəkkür ,mənşə və mahiyyətcə də boş və əlaqəsiz bir şeydir.
********************
Fədakarlıq varsa ,demək vətəndaşların ictimai və siyasi tərbiyəsi başlanıb.
**********************
Zülmkar rejimdə istər yazı, istərsə danışıq dili çox yüksək, çox bəzəkli, çox görkəmli və əzəmətlidir.Məqsəd bir tərəfdən xalqı alçaltmaq ,ona yazıqlıq,acizlik və qorxu aşılamaq,digər tərəfdənsə, zülmkar rejimin özünü əzəmətli,vüqarlı və eyni zamanda qorxunc və dəhşətli göstərməsidir.
*************************
Bu cür üslubun hakim olduğu mühitdə doğruçuluqdan,səmimiyyətdən,gerçək sevgidən,gerçək bağlılıqdan,bir sözlə ictimai yaşayışın təməlini quran əlaqələrdən nişanə qalırmı?
***************************
Mədəniyyəti aramla yüksələn mühitlərdə adamların qazancları da yavaş yavaş, təbii şəkildə artır.Bu baxımdan ümumi sərvət həmişə mədəniyyətin səviyyəsinə uyğun gəlir.Belə mühitlərdə vərdişlər və onlardan doğan ehtiyaclar təbiidir.Axı bunları ödəmək üçün əldə edilən qazanclar da eyni nisbətdədir.Deməli azadlıq və sərbəstlik üçün təhlükə yoxdur.Ancaq bir də görürsən ki, hələ iqtisadi həyatı inkişaf etməmiş mühitlər mədəniyyətin ən son gerçəklərini yamsılamağa başlayırlar.Bax bu, təhlükəlidir.
*****************************
Mənim gözlərimdə yer, göy hər şey rəngini və mahiyyətini dəyişmişdi.Hər şey məni yaşamağa səsləyirdi.Anladım ki, bütün
varlığımla Azadlıq Mələyinə vurulmuşam!

4 iyun 193o

İzzətxanım Cabarlı

Valideyn nədir, imtahana gəlmək nədir ?!

 

581937_999278970144391_9083926952708438140_n

Qış imtahanları sessiyası başlayandan bəri vaxtilə rüşvətdə adı maksimal dərəcədə hallanan 2 böyük universitetin yeni bir addım ataraq, özlərinin müsbət mənada dəyişdiklərinin sübutu olaraq valideynləri imtahan prosesinə cəlb etməyini, prosesi yaxından izləməyini təmin etməsi əslində çox yaxşı haldır. Bu addımı qiymətləndirməmək düzgün olmazdı. Ancaq bunu necə etdiklərini görəndə, artıq kifayət qədər mənfi bir aura yarandı ki, mən də bunun yaxşı və ya pis tərəflərini aşağıda sizə izah etmək istəyirəm.

Bunu fəxr olunsun deyə deyil sadəcə statistik(!) olaraq yazıram. Mənim 4 illik universitet zamanı yeganə bir dəfə qəbullar açıqlananda mamam ADNA üçün hansı sənədlər lazımdı deyə sormağa gəlib. O mərhələdən başqa heç vaxt kimsə mənim oxuduğum universitetə ayaq basmayıb, nə də mən imkan verməmişəm. Ola biləcək hər hansı problemlər də (maddi vəya mənəvi) özüm bir yol axtarmağa çalışmışam və nəticə olaraq da müsbət mənada kifayət qədər nüans öyrənmişəm. Ən azından yola getməz insanlarla bir dil tapmağa vadar edir səni. Bu özü kifayət qədər yaxşı dərsdir.

Ancaq indi görünən nədir ?
Universitetlərin attığı addım nəticəsində valideyn az qalır gəlib uşaqla birgə auditoriyada otursun dərsin\imtahanın gedişatına baxsın və ya birgə tələbə ilə iştirak etsin. Tamam, anlayıram ki, şəffaflıq falan yaradılmasını əyani olaraq valideynlərə sübut etmək istəyirsiniz. Ancaq buna alternativ kifayət qədər üsul tapmaq olar. Daha imtahan zamanı adicə müəllim adamın başı üstə duranda narahat olur, qalmışdı elə mənim və ya bir başqa tələbə yoldaşımın valideyni məni kənardan diqqətlə izləsin. Daha bunun harası sakitçilik və diqqət dağılmasın deyə təmin olunmuş imtahan otağı və ya şəraiti oldu?!

Vəziyyətə təklif olaraq:
Otaqlarda kifayət qədər müşahidə kameraları olur zatən. Həmin kamera görüntülərini sinevizyon(proyektor) ilə valideynlərin cəminin toplaşdığı bir otaqda\zalda göstərmək daha məqbul olardı, nəinki belə formatda. Bu zaman isə bir valideyn həm imtahan nəzarətçilərinin, tələbələrin birgə işinin təşkili prosesini daha gözəl və rahat bir formatda izləyə bilir. Eyni zamanda tələbədə imtahan zamanını daha rahat və məqsədinə hədəflənmiş şəkildə keçirir. Bu isə əlbəttə, tələbənin maksimal nəticə göstərməyinə yaxşı şərait yaradır. O zaman deyərdim, aha, nəsə yaxşı bir şey edibsiniz indikinə nisbətən.

İndi isə gəlim prosesin digər tərəflərinə. Əgər universitet zamanı tələbənin verəcəyi qərarlarda hələ də valideyn və s. amillər mühüm(!) rol oynayacaqsa bu zaman o gəncdən çox da dünyanı dəyişə biləcək bir şeylər gözləmirəm açıqcası. Səbəb isə budur ki, zatən bizim gənclər öz taleyi haqda ən tez universitet zamanı düşünməyə başlayır, ancaq bu kimi amillər tələbənin özü haqqında düşünmə zamanını daha da gələcəyə ertələyir. Belə bir ertələnmənin nələrə səbəb olacağı isə hamımıza kifayət qədər məlumdur deyə düşünürəm.

İndiki zamanlarında gənclərə öz taleyini yaxşı və ya pis yöndə istiqamətləndirməsini gənclərin özünə buraxmalısınız, əziz müəllim və valideynlər. Onsuz da, bir müddət sonra ayılıb özü hər şeyi dəyişməyə başlayacaq. Bu zamanın isə nə qədər tez bir vaxt kəsiyində olması bir o qədər gəncin xeyrinədir. Ancaq məktəb, bakalavr zamanı, az qala master zamanı da valideyn və valideynlə birgə iş içərisində olan digər faktorların bu istiqamətləndirmədə rol oyanaması, gəncin  özü barədə qərar vermə qabiliyyətini nə qədər gec formalaşdırdığını düşünün. Beləliklə bu gəncin gələcəkdə hər hansı formada bir idarə-edici və ya qərar qəbuledici səlahiyyətləri, xüsusiyyətləri heç formalaşmamış olur. Və daha sonra valdeyn yenə də “camaatın uşağı” deyib köks ötürəcək, gənc isə bu sözdən bezdiyini sosial şəbəkədə və ya valideyn görməyəcək bir şəkildə deyərək şikayətlənəcək.

İqtisad Universitetində valideynlər imtahan gedişatını izlədilər…

Azər Dünyaminoğlu

Dünya tarixindəki maraqlı propaqandalar

Bu dəfəki yazımda dünya tarixindəki maraqlı propaqandalardan yazacam.

p_0031

1) Ağ Evin bombalanması

Əvvəllər Barak Obamanı və ABŞ ordusunu atom bombalarının alovunda “yandıran” Şimali Koreya  sonra Washington-u bombaladıqlarını videolar ilə dövlət kanallarında göstəriblər. “Müharibənin qərargahı alov fırtınası altında” adlı video Şimali Koreyanın Uriminzokkiri kanalının Youtube kanalına yüklənib. Videoda Ağ Evin və Washington-da Capitol Binasının partladıldığı göstərilir.

2)  Bağdadın işğalı

2003-cü ildə ABŞ-ın İraqa müdaxiləsi zamanı ABŞ ordusunun Bağdada daxil olmasından 2 gün sonra Səddam Hüseyn rejimi zamanı informasiya naziri olmuş Məhəmməd Səid əl-Səffah mətbuat konfransı keçirdir və Bağdadın onların nəzarəti altında olduğu və ABŞ ordusunun Bağdada daxil olmadığını bildirir. Lakin Səffah müsahibə verdiyi Səffahın arxa fonundan 2 ABŞ ordusuna məxsus tank keçir. Səffah Səddam Hüseyn hökümətindəki tək-tük şiə nazirlərdən biri idi.

3) Film çəkmək üçün rejissor qaçırtmaq

1978-ci ildə Şimali Koreyanın lideri Kim İl Sung propaqanda məqsədli film çəkmək üçün film rejissoru və aktrisa qaçırlmasına göstəriş verir. Və Cənubi Koreyalı kinorejissor Shin Sang Ok və onun həyat yoldaşı qaçırılır. Onlara işgəncələr tətbiq edərək məcbur edib Şimali Koreyaya propaqanda məqsədli film çəkdirirlər.

4) İnfeksiya əməliyyatı

1980-ci illərdə SSRİ-də KQB şaiyə yaymağa başladıki QİÇS virusu Amerika tərəfindən yaradılıb və bioloji silah kimi istifdə edirlər. Bu “silahı” anti-Amerikan qüvvələr üçün istifadə etdiklərini  iddia edirdilər.

5) Müharibənin alovları

2014-cü ilin sentyabr ayında İŞİD-in propaqanda məqsədli 52 saniyəlik “Müharibənin alovları” adlı Hollywood üslubunda hazırlanmış treyleri yayıldı. 52 saniyə ərzində İŞİD-in Suriya və İraqdakı döyüşlərindən fraqmentlər göstərilir. Yüksək səviyyədə hazırlanmış videoda bildirilirki əgər Suriya və İraqa ABŞ ordusu müdaxilə edərsə bu torpaqlar onlar üçün məzar olacaq.

6) Etnik təmizləmə

2002-ci ildə qara dərililəri və Yəhudiləri öldürməyi həvəsləndirmək üçün kompyuter oyunu yaradılmışdı. İstifadəçilər KKK (Ku Klux Klan) üzvü kimi oynayırlar. Oyunda qara dərililərə atəş açdıqda meymun səsləri çıxardırlar. Oyun Resistance Records tərəfindən yaradılıb və fon musiqisi isə National Alliance tərəfindən bəstələnib.

7) Kijong-Dong şəhəri

Gijeongdong şəhəri 1950-ci ildə Kim İl Sung tərəfindən Cənubi Koreya ilə sərhəddə tikilmiş propaqanda məqsədli şəhərdir. Şəhərin salınmasında məqsəd Şimali Koreyanın gücünü Cənubi Koreyaya göstərmək və Cənubdan xeyli adamın Şimala mühacirətə gəlməsidir. Şəhərdə yaşayan sakinlər yoxdur, lakin şəhərdə gecələr işıqlandırma sistemləri və şəhər təmizləyiciləri var. Deyilənlərə görə şəhərdəki binalarda heç pəncərələrdə şüşələr də yoxdur, binaların çoxunda isə otaqlar belə yoxdur yəni hündür dördbucaq divarlar. Şəhərdə həmçinin dünyanın ən geniş bayraq dirəyi var. Şimali Koreya bayrağı.

8) Juden Raus oyunu

Juden Raus oyunu 1936-cı ildə Nasist Almaniyasında propaqanda məqsədli yaradılmış və o zamanlar çox populyar olmuş bir oyundur. Oyundakı əsas məqsəd şəhərdəki Yəhudiləri şəhərin divarından kənara çıxartmaqdır. Oyunda Yəhudiləri piyonlar ilə təsvir edirlər və oyun monopoliya oyunu kimidir. Zər ataraq piyonları kvadrat-kvadrat irəlilədirsiniz. Oyun bitincə ən çox piyon oyun sahəsindən kənarlaşdırmış oyunçu qazanır.

Fuad Məmmədzadə

Erik Hoffer -Əsl inamçı (hissələrlə)

Bir inancın gücü dağları yerindən oynatmasında deyil, yerindən oynadılası dağları görməməkdədir.
Anri Berqson

the-true-believer-book-cover-classic-657x1024

*”Görülməsinə və eşidilməsinə ehtiyac olmayan gerçəklərə göz yummaq” əsl inamçıların əsas qabiliyyətidir ,  onların təkrarolunmaz cəsarət və əzminin əsas qaynağıdır.

*Özümüz olmaq bizi nə qədər az qane edirsə, başqaları kimi olmaq istəyimiz daha da güclənir.Ona görə də bizə bənzəyənlərdən çox ,bizə bənzəməyənləri təqlid etməyə çalışırıq və bu insanlar daha çox bizim bəyəndiyimiz insanlar olur.Əzilmiş və təcrid olunmuş insanların təqlidçi davranışları daha çox nəzərə çarpır.

*Məyusluğun gerçək səbəbi məşğuliyyətə çevrilməməsidir . Ən şiddətli məyusluq enerji və bacarığı olan, lakin cəmiyyət tərəfindən “paslanmağa” məhkum edilmiş şəxslərin məyusluğudur.

*Bizə tamamilə aydın olan bilgi  gücsüzdür, çünki nəyisə  bildiyimiz zaman elə düşünürük ki, bu bizim daxilimizdən gələn bir şeydir.

*Bir çox şeyə sahib olub daha çoxunu əldə edə bilmədikdə yaranan məyusluq, heç nəyə sahib olmayıb bəzi şeylərə sahib olmaq istəmənin məyusluğundan daha şiddətlidir.

*Əgər kifayət qədər yaxşı həyat yaşayırıqsa, bu  bizi önəmli dəyişiklik imkanlarını görmə ehtimalından məhrum edir.

*”İfrat” insan əsl prinsip adamı deyil.O, bir məqsədə onun doğruluq və müqəddəsliyinə inandığı üçün deyil, nəyəsə bağlanma ehtiyacını tətmin etmək üçün sadiqdir.Bu ehtiraslı bağlılıq ehtiyacı  hər məqsədi müqəddəsləşdirməsinə səbəb olur.

*Sözbazların (söz ustalarının) olmadığı və ya sözlərin tənqidi çalar daşımadığı  yerlərdə idarəçilər nə qədər bacarıqsız olursa olsun, özlərini məhv edənə qədər iqtidarı əlində saxlayır.

*Nəyisə sevdiyimiz zaman bizim kimi onu sevən  “tərəfkeşlər”ə ehtiyacımız olmur, əksinə ,sevmədiyimiz nəyisə sevənləri agressiv  rəqib kimi görürürük.Nəyəsə nifrət etdiyimiz zaman isə bizim kimi eyni nifrəti daşıyan insanları axtarmağa başlıyırıq.

*Günlük işlərində uğursuzluğa düçar olanlar qeyri-mümkün hədəflərə köklənir.Bu , onların uğursuzluklarını kamuflaj etmək üçün vasitədir.Çünki adi uğursuzluğun səbəbi şəxsin özüdürsə, qeyri-mümkün uğursuzluğunun səbəbi reallaşma ehtimalının çətin olmasıdır.

*Azadlıq məyusluq hissini azalda, bəzən  də çoxalda bilir. Seçim azadlığı uğursuzluğun günahını fərdin çiyninə yükləyir.Həmçinin azadlıq , bir çox təşəbbüsü gerçəkləşdirmə cəsarəti yaratdığı üçün məyusluq və məğlubiyyət ehtimalını artırır.

*Həyatlarının  zay olduğunu düşünənlər , azadlıqdan çox qardaşlıq və bərabərlik axtarışında olur. Bərabərlik arzusu özlərini gizlətmək üçündür, yəni bir növ , parçanın toxunduğu sapları gizlətmə cəhdidir. Beləliklə heç kim parçanı əmələ gətirən  saplar arasında fərqi müqayisə etməz və onların qüsurları ortaya çıxmaz.

*Eqoistlər məyus olmağa daha çox meyillidirlər. İnsan nə qədər çox eqoist olsa, məyusluq o qədər şiddətli olacaq.

*Tarix boyu ən böyük əsərləri yaradanlar həmişə böyük şəhərlərdə ortaya çıxıb. İnsan şəhərdə insan olmuşdur. Şəhərləşmə olmasaydı, insan deyə bir qavram olmazdı.Maraqlıdır ki, insanları degenerasiyaya gətirib çıxaran da şəhərləşmədir. Əgər insanlar bu böyük şəhərlərdə həyata uyğunlaşa  bilmirsə , deməli   bəzi millətlərin yer üzündən silinmə ehtimalı var.

*Bir şikayətin ən şiddətli olduğu vaxt, o şikayətin səbəblərinin ortadan qalxma ehtimalının olduğu vaxtdır.

*İnanc (iman) bir kimlik qazanma prosesidir. Bu proses vasitəsilə  insan, özü olmaqdan imtina edərək ölümsüz bir şeyin bir hissəsi olur. Bir dinin, millətin, irqin, siyasi partiyanın və ya ailənin müqəddaratına olan inanc…insanlığa , gələcək nəsillərə olan inanc, yox edilmə vəziyyətiylə qarşılaşmış olan mənliyimizi bu ölümsüz şeyə bağlamaqdan başqa nə ola bilərdi ki?

Tərcümə edən : Izzətxanım Cabarlı

Vətəndaş jurnalistikası

Lüğətimə son 5 ildə daxil olan bu iki söz öz mənası və təzahürü – işiylə də həyat tərzimə uyğunluğunu mənimçün aydın etdi. Bu yazıda çalışacam ki, bu termin haqda mənə aydın olan məqamlarla sizi də tanış edim. Bir çoxunuz, hətta, görəcəksiniz ki, siz əslində elə vətəndaş jurnalistikasıyla məşğulsunuz.

Əvvəlcə jurnalistika haqda bir neçə ümumiləşdirici söz. “Jurnalist”, “jurnalistika” sözünün mənası, yəqin ki, hamıya bu və ya digər şəkildə aydındır. Qısa olaraq reqlament edim ki, jurnalist cəmiyyətdə baş verən hər hansı hadisəni, o cümlədən, bu və ya digər informasiyanı xalqa heç bir şəxsi subyektiv fikrini ortaya qoymadan, qərəzli müdaxilə olmadan nöqtəsinə qədər müdaxiləsiz çatdıran şəxsdir. Və bu proses isə jurnalistikadır. Lakin vətəndaş mövqeyi ortaya qoyan “vətəndaş jurnalistikası” anlayışı isə bəlkə hələ bir çoxunuz üçün yenidir və mənasının, işinin izahına ehtiyac duyur. Bu da normaldır. Çünki bu anlayış cəmiyyətin lüğət fonduna da son zamanalarda daxil olmuşdur. Əvvəl qeyd etdiyim kimi, jurnalistikanın bu formasında vətəndaş iştirak edir və xəbərin cəmiyyətə çatdırılmasında rol oynayır.

Bizə məlumdur ki, jurnalistikayla xüsusi təhsil görmüş, yəni bu sahəni oxumuş insanlar məşğul olur. Ancaq vətəndaş jurnalistikasıyla məşğul olmaq üçün buna ehtiyac qalmır. Daha da aydın desək, vətəndaş jurnalisti gördüyü hər hansı hadisəni yerindəcə (öz texniki imkanları çərçivəsində) ictimailəşdirə bilən şəxsdir. Bu proses sənə imkan verir ki, gördüyün hadisələrə biganə qalmayaraq hansısa problemin həllində birbaşa və ya dolayı yolla iştirak edəsən. Əslində bu çox önəmli faktordur. Vətəndaş birbaşa olaraq sağlam cəmiyyətin qurulmasına öz tövhəsini vermiş olur.

Hazırki vaxtda internetin həyatımızdakı yeri və rolu hər kəsə məlumdur. Belə olan təqdirdə vətəndaş jurnalistikasının inkişafına real imkanlar yaranır. Vətəndaş istifadə etdiyi sosial şəbəkələrin köməyi ilə xəbər, informasiya, hadisə paylaşan jurnalistə çevrilir.

Vətəndaş jurnalistikası ilə, əsasən  gənc aktivistlər, bloggerlər məşğul olur. Onlar həmçinin paylaşdıqları hadisələrə öz mövqeyini də ortaya qoya bilirlər.

Bir sözlə, vətəndaş jurnalistikası anlayışı cəmiyyətin hər bir fərdinə cəmiyyətin təşkilində və qurulmasındakı rolunu dərk etməyə imkan yaradaraq baş verənlərə laqeyd qalmamağı özündə ehtiva edir.

Gəncləri öz gələcəklərinin qurulmasında iştirak etməyə və öz vətəndaş mövqelərini vətəndaş jurnalistikasıyla ortaya qoymağa dəvət edirəm!

Nərmin Abdullayeva

Ade14