Alternativ Kino Təhlil :”Dogville”

20040628-dogville

 

Bir  şəhər var ki, onsuz bu dünya daha yaxşı olacaq. Bu şəhər Doqvildir.”

***

Bəsit hekayə,sıradan aktyor oyunu , yarısı xəyali olan  dekorasiyalar , qısa dialoqlar ,mahiyyəti sözlərlə ifadənin çətinliyi…

Aristotel deyir ki, insan vasitə yox məqsəddir.Jan Jak Russo isə bunu əxlaqi kontekstdə qiymətləndirir və əlavə edir ki, insandan vasitə olaraq istifadə etmək bir yana, bu ehtimalı düşünmək belə əxlaqsızlıqdır.Məqsəd   yoldur .Vasitə  bu yolda istifadə olunan “nəsnə”dir .Hədəf məqsədə çatmaqdır.Məqsəd  həmişə alidir.Ali olan əxlaqsızlıq daşıya bilməz.

Qarşınızdakı insan sizi məqsəd olaraq yoxsa vasitə olaraqmı görür?Bu sual insanlarla  münasibətdə problem yaradır ona görə də sualı sual halında saxlamaq daha məqsədəuyğundur.

**********************

Doqvil kiçik şəhərdir.Sakinləri sadə adamlar.Hər şey şəhərə yeni birinin gəlişi ilə dəyişir.İnsan mərhəmətinin hadisələrin gedişatında necə sui istifadəyə çevrilməsi sujetdə əksini tapır.Eqoizm nəticəsində insanın məqsəddən vasitəyə çevrilməsi. Burada hakimiyyət neqativ güc olaraq əks olunur.İnsanların mahiyyətinin üzə çəxması üçün onlara şərait yaratmaq kifayətdir rejissorun fikrincə.Filmin baş qəhrəmanı ona qarşı edilən bütün haqsızlıqları insan təbiətinə bağlıyır.”Bir insan öz təbiətinə qarşı gələ bilmirsə onu cəzalandırmaq olmaz! Mən də olsam belə edərdim özümü saxlaya bilməzdim! ”

Amma vəziyyət ikinci dəfə dəyişir.Bu dəfə onun xeyrinə . Bu insanların taleyinin ondan asılı hala gəlməsi ilə.Bu dəfə isə insan həqiqətən məqsəddir.Vasitə isə hakimiyyət.Hədəf şəhəri yox etməkdir.

İlk təəssurat olaraq sizə elə gələ bilər ki, məqsəd ali deyil və  hakimiyyət baş qəhrəmanımızın mövqeyini dəyişdirir.Lakin sonraki cümlədə o deyir :”Əgər bir də kimsə bu şəhərə düşsə, hər şey yenidən təkrarlanacaq” .Hədəf nə qədər dağıdıcı olsa da, məqsəd alidir.Çünki məqsəddə eqoizm yoxdur.Burada gücün mahiyyəti pozitivdir.Güc   intiqam almaq üçün vasitə deyil, heç ədaləti bərpa etmək üçün cəzalandırma  məqsədi də daşımır.

Sonda isə qəhrəman hakimiyyətin mahiyyətini ortaya qoyur:”Hakimiyyət bu dünyanı  azacıq da olsa yaxşı edə bilmək üçün lazımdır.”

Doqvil yandırıldıqdan sonra dünya daha yaxşı yerə çevrilir….

Filmdən çıxardığım nəticə odur ki, hakimiyyət və güc ədaləti bərpa etmək üçün yox ,ola biləcək ədalətsizliklərin qarşını öncədən almaq üçündür.

Filmin əsas hissəsi (8 dəqiqə) ata və qızının dialoqudur.Bu dialoqda filmin bütün mahiyyəti əks olunub.Filmə baxmaq da olar, baxmamaq da, amma bu hissəyə mütləq baxmalısınız .Əminəm ki,ona  baxmaqla özünüz üçün bir çox başqa nəticələr də çıxaracaqsınız.Kim bilir, bəlkə də, çıxardığınız bu nəticələr yeni bir blog yazısına çevrildi 😉

Izzətxanım Cabarlı

 

Advertisements