Sosial iş və sosial işçi

“Sosial” sözünün mənasını hamımız bilirik. Bəs “sosial iş” nədir? Terminin ən qısa və sadə izahı belədir: Sosial iş, cəmiyyətlə işdir.

Son zamanlar dilimizdə tez-tez rast gəlinməyən bir terminlə  də qarşılaşırıq- “sosial işçi”.  Bu anlayış 19-cu əsrin sonlarından Qərbi Avropa və Amerikada geniş vüsət aldığı halda, Azərbaycanda  yalnız  21-ci əsrin başlanğıcında dilimizə daxil olmuşdur.“Sosial işçi” anlayışı  19-cu əsrin sonu ,20-ci əsrin əvvəllərində meydana çıxmış,ancaq müstəqil ixtisas kimi özünü İkinci Dünya Müharibəsindən sonra doğrultmuşdu.Söz birləşməsində “işçi” sözünün olması dərhal belə bir fikir yaradır ki, bu şəxs  hansısa fəaliyyət sahəsi ilə məşğuldur.Bəs qeyd olunan fəaliyyətin özü nədən ibarətdir?

Dövlət sosial ehtiyacı olan vətəndaşların sorğularına ayrı-ayrılıqda baxmalı və fərdi iş aparmalı idi. Məhz belə çətin vəziyyətdə bu funksiyanı sosial işçilər öz üzərlərinə götürdü.

Sosial işçilərin fəaliyyət sahəsi dedikdə, çoxları adətən yetim və valideyn himayəsindən məhrum olmuş uşaqları, qocaları, problemli ailələri nəzərdə tutur.Təsadüfi deyil ki, çox tez-tez sosial işçiliyin kökünün daha qədim zamanlardan gəldiyi fikri ilə qarşılaşırıq. Bunu orta əsrlərdən gələn xeyriyyəçilik fəaliyyəti ilə əlaqələndirib, eyni şeyin müasir forması kimi göstərirlər. Əslində isə xeyriyyəçilik və sosial işçilik metod və struktur cəhətdən tam fərqlidir.

Social-Worker

Xeyriyyəçiliklə məşğul olanların əsas hərəkətverici qüvvəsi mənəvi borc və xeyirxahlıq etmək istəyidir. Bu, işin həcmi, yardımın miqdarı və müddəti ilə qiymətləndirilir. Müasir sosial işçi isə öz vəzifəsini kömək etdiyi insanın onun köməyinə ehtiyacında  görür və bu  peşəkar fəaliyyətin əsas kriteriyalarından hesab olunur. Buna nail olmaq üçün aparılan işi müxtəlif formada: reabilitasiya, normallaşdırma, readaptasiya adlandırırlar, ancaq yenə də əsas məqsəd yardıma ehtiyacı olan şəxsə mövcud sosial kontekstdə müstəqil fəaliyyət göstərmək qabiliyyətini qaytarmaqdır. Buna görə də gələcəyin sosial işçilərinə “sifarişçinin” fərdi psixologiyasına bələd olmağı öyrədirlər.Sosial işçi cəmiyyətdə qarşılaşa biləcəyimiz hər bir fərdlə işləmək imkanına malikdir. Bu , hər hansı problemi olan şəxslər, kimsəsiz uşaqlar, zorakılığa məruz qalmış qadınlar, problemli ailələr, işsizlər, evsizlər və ya sadəcə hüquqi, sosial dəstəyə ehtiyacı olan şəxslərdir. Sosial işçi bu şəxslərin problemləri ilə ətraflı maraqlanır, həll yollarını göstərir və müvafiq qurumlarla əlaqələr yaradır.

Sosial işçi peşəsini aşağıdakı ixtisaslar təmsil edir :

  • sosial pedaqoq, psixoloq
  • sosial işçi -hüquqşünas
  • ekoloq
  • gerentoloq (ahıllarla iş)
  • tibb sahəsində çalışan sosial işçilər
  • icmalarda çalışan sosial işçilər
  • hərbi bölmədə çalışanlar
  • ekstrimal vəziyyətdə fəaliyyət göstərən şəxslər

Yeni müstəqillik əldə etmiş, eyni zamanda müharibə şəraitində yaşayan Azərbaycanın sosial işçilərə daha çox ehtiyacı var. Bir milyondan artıq qaçqın və məcburi köçkünü, keçid dövrü ilə əlaqədar yaranmış müvəqqəti işsizləri olan ölkədə bir sıra problemlər ortaya çıxır ki, burada sosial işçilərin köməyi əvəzsiz ola bilər. Belə olan halda, sosial işçilər dövlətin ən yaxın köməkçi və dostlarıdır. Əlbəttə ki, əgər qeyd olunan insanların hansı sosial-psixoloji yardımlara ehtiyacları olduğunu və onlarla hansı zəruri işlərin aparılmasını ayrı-ayrılıqda göstərsək, çox vaxt ala bilər. Azərbaycan hökuməti artıq bu ehtiyacı hiss edib və bu sahədə mütəxəssislərin hazırlanmasının zəruriliyini anlayıb. Ancaq hiss etmək və ya anlamaq o demək deyil ki, artıq qeyd olunan istiqamətdə müəyyən işlər aparılır. Məncə, ilk öncə məsələyə ictimaiyyətin diqqətini cəlb etmək lazımdır. İnsanlar özləri bu təlabatı hiss etməlidir. Ümid edirəm ki, oxucularımız təqdim olunan məqaləni oxuyarkən  məqsədin məhz bundan ibarət olduğunu aydın hiss edəcək 🙂

Gültac Amanova

 

Advertisements

Etika haqqında

timthumb.php

“Etika” sözünün anlamı, çoxumuza məlum olduğundan, mən işin digər qisminə nəzərinizi cəmləməyi məqsədə uyğun hesab etdim. Fəlsəfənin ən geniş mövzularından olan etika, həm də onunla mahiyyət etibarilə eyni olan “əxlaq”, “etiket” anlayışları ilə yanaşı işlənməkdədir. Etika, əxlaq və ya etiket elə bir qaydalar çoxluğudur ki, fərdin cəmiyyətdə emosional davranışlarını məkana və zamana görə tənzimləyərək ona sosial bir don, mədəni bir görünüş verir. Ancaq heç kəs deyə bilməz ki, etikanın bütün cəmiyyətlər tərəfindən qəbul edilmiş ümumi qaydalar sistemi var. Bu qeyri-mümkündür. Bildiyimiz kimi, hər bir  cəmiyyət fərqli adət-ənənə, baxış və yaşam tərzinə malikdir. Üstəlik, etiketlərin məhz bu amillərdən doğduğunu nəzərə alsaq, bütün cəmiyyətlərin etika qaydalarını eyniləşdirmək absurddur.

Fəlsəfi bölmə olan etika,  “Mən bu situasiyada necə davranmalıyam?” sualına cavab axtarır. Bu sualın klassik ifadəsini Kant vermişdir:”Mən nə etməliyəm?” . Onun nəticəsi tətbiqi xarakterli etik normalardan ibarətdir. Bu normalar əsasən müəyyən şərtlərə, müəyyən hərəkətlərə  icazə verir, qadağan edir,  və ya  təklif edir.

Ümumiyyətlə, vətəndaş cəmiyyətində etiketin bir neçə növləri vardır:

– Dövlət etiketi

– Diplomatik etiket

– Hərbi etiket

– Dini etiket

– Ümumvətəndaş etiketi

Ümumvətəndaş etiketi də öz növbəsində:

– İşgüzar və qeyri-  işgüzar

– Mərasim

– Masaarxası

– Söhbət(ünsiyyət) etiketlərinə bölünür.

Salamlaşma və söhbət zamanı diqqət etməli olduğumuz bir sıra ümumi etik qaydalar  var.Onlardan bəziləri  aşağıdakılardır:

  • Kiçiklər böyükləri, kişilər qadınları, qadınlar yaşca özlərindən çox böyük kişiləri birinci salamlamalıdırlar.
  • Cinsindən və yaşından asılı olmayaraq içəri daxil olan birinci salamlaşmalı, ilk çıxan sağollaşmalıdır.
  • Otaqda bir neçə nəfər varsa birinci növbədə evin sahibi və ya vəzifəcə yüksək olanla, daha sonra digərləri ilə salamlaşmaq lazımdır.
  • Kişi oturubsa, içəri daxil olanları qarşılayarkən ayağa qalxmalıdır, qadın bu halda otura bilər. Lakin qadını digər qadına təqdim edirlərsə o ayağa durmalıdır.
  • Söhbət zamanı aydın, lakin alçaqdan danışmaq lazımdır.
  • Həmsöhbətin sözünü kəsmək olmaz.
  • Söhbət zamanı saata baxmaq, yazı yazmaq və s. hərəkətlər etmək düzgün deyildir.
  • Söhbət zamanı çox danışmaq əvəzinə çox dinləyin.
  • Mübahisə zamanı səs tonunuzu qaldırmayın.
  • Susmayın. Deməyə sözünüz yoxdursa ən azından başınızı razılıq əlaməti olaraq yelləyin.
  • Yaşından və cinsindən asılı olmayaraq həmsöhbətə “siz” deyə müraciət edin. Səmimi münasibətlər yarandıqda “sən” demək üçün icazə alın.

Nərmin Abdullayeva

 

 

Simvolik uğursuzluq…

Tarixən Azərbaycan ərazisində yaranmış geniş torpaqlarımız, zamanla ərazilər itirmiş, getdikcə kiçilmiş və bu günkü gün az ölçülü torpaqlarla məhdudlaşmışdır. Əgər Azərbaycan adı altında ilk dəfə yaranmış Cümhuriyyətimizlə tarixə qədəmimizi düşünsək, onda bu şanlı ölkəmizin də sadəcə 23 ay yaşadığını, nəhayət 1991-ci ildə yenidən müstəqil olan respublikamızın isə ərazilər itirməsi ilə bərpası haqqında hər birimiz yaxşı bilirik. Bu tarixi uğursuzluğumuzu simvollaşdırsaq necə?

Heraldika elmi, 9 əsr bundan öncə yaranıb və Anglo-Norman sözü olan “herald” sözündəndir, mənası “ordu başçısı” kimi tərcümə olunur. Lakin tarixən heraldika elm olaraq “tarixin stenoqrafiyası” və ya “tarix baxçasının güllü sərhədi” mənasını daşımışdır. Mənasından göründüyü kimi, gerblər haqqında elm, məhz ölkənin tarixini, yaşını, nüfuzunu, hətta gələcəyinin belə, təsvirini özündə ehtiva edir.

Bizim bayrağımızda aypara “C” hərfi formasındadır. Ay fazalarında bu formada olan ay, batan aydır. Simvolik mənası təslim olmaq, səssizlik, yenidən doğuluş üçün zaman, sönmə, azalma, məhv olma mənasındadır.Digər mənada batan ay ölçüdə kiçilmək, qovulmaq, sürgün olmaq, təslim olmaq, buraxmaq, əks-zidd mənalarındadır.

Heraldika elmi mənası qeyd edildiyi kimi, tarixin stenoqrafiyasıdır. Nəyə görə biz batan və azalan ayı özümüzə simvol seçib bayrağımıza həkk etmişik? Ayparanın simvolik tarixi Misir, Mesopotamiyaya qədər uzanmasına baxmayaraq, bu gün İslam dinli dövlətlər aypara ilə tanındığından ayparanı istifadə etmək olar. Lakin, əgər bu simvolika qalarsa, işarə əks tərəfi tutmalıdır. Bayrağımızdakı aypara deyil, onun əksi olan aypara, ay fazasında yeni doğulmuş, böyüyən, inkişaf edən, işıq saçan, genişlənən mənasındadır.[3] Biz məhz daima böyüyən genişlənən ayparanı bayrağımızın simvoluna çevirməliyik. Bizə tanış bu aypara altında heç bir ölkə genişlənməyib. Azalıb və zəifləyib. Bizi və Türkiyəni misal götürək,biz artıq illərdir ki genişlənmək əvəzinə kiçilirik. Türiyə də həmçinin, Osmanlı torpaqlarından təkcə Anadolu ilə məhdudlaşıb və bu gün də kürdlər Kürdüstan dövləti yaratmaq istəyi ilə Türkiyə ərazi bütövlüyünə təhdid törədirlər. Təkcə ərazi deyil, ümumi inkişafdan danışsaq, onda nə biz nə digər “C” hərfi fomasında olan aypara simvolikalı ölkələrdə inkişaf yoxdur. Zəifdirlər, sosial-güc sıfır səviyyədədir, təhsil, səhiyyə, ümumilikdə bir millət və ölkəyə xas nə varsa, hər bir sahədə uğur və böyümə demək olar ki, yox səviyyəsindədir.

Əks aypara işarəsi bu gün təkcə Türkmənistan, Mavritaniya və Qərbi Sahara Laouyne kimi islam dinli respublikaların bayraqlarına həkk olmuşdur. Müsəlman olmayıb ayparası olan respublikalardan yeganə Cənubi Karolina Respublikasının( və ya ştatının)  bayrağıdır.

Azərbaycanın 1920-1921-ci illər ərzində Sovet Sosialist Respublikası olan zaman təkcə ilk bayrağında aypara əks tərəfə baxır. Lakin bir il keçəndən sonra bayraq tamamilə dəyişdirilmişdir.Bayrağın qəfil  dəyişilməsi tam bilinməsədə, onun ayparasının əks tərəfə olmaqla ilk dəfə işarələnməsi, kimlərəsə çox yaxşı məlum olub.

Aypara simvolu İslam dininə bağlanılır. İslam dini öz təsirini yaydıqdan və yayıldığı torpaqlarda möhkəmləndikdən sonra, onun dəyərləri artıq öz təsirini yavaş-yavaş tayfa, ittifaq, birlik və dövlətlərdə göstərməyə başladı.

İslamda aypara işarəsi haqqda məlumata Qurani Kərimdə Bəqərə surəsi 189- cu ayədə (2:189) rast gəlinir: (Ya Rəsulum!) Yeni doğan aylar (hilal) barəsində səndən sual edildikdə, söylə ki, bunlar insanların istifadəsi və həcc üçün vaxt ölçüləridir. Evlərinizə (Cahiliyyət dövründə olduğu kimi) arxa tərəfdən girməniz yaxşı iş deyildir. Yaxşı iş (pis əməllərdən) çəkinən kimsənin əməlidir. Evlərə qapılarından daxil olun və Allahdan qorxun ki, nicat tapasınız!Hətta Müdəssir surəsi 32- ci ayədə (74:32), aya and belə içilir: Xeyr! (İş heç də bu müşriklərin zənn etdiyi kimi deyildir). And olsun aya; Bundan savayı ay haqqında Ənam (6:77-96), Fussilət (41:37), Tövbə (9:36) surələrində məlumatlara rast gəlmək olar.

Bayraq hər bir millətin mübarizə göstəricisidir. Bayraq danışıqlarda, döyüş meydanlarında tanınma rəmzidir. Hər bir xalq yaşadıqca onun bayrağı da onun əzminə uyğun dalğalanır. Üçrəngli bayrağımız bizi ifadə etdiyindən, ona diqqət sonsuz olmalıdır və əgər onun işarəsi bizim zəifliyimizi göstərirsə, o işarə dəyişilməlidir.

Şahin Hüseynzadəazerbaycan bayrağı(1)

Əhməd bəy Ağaoğlu-Sərbəst İnsanlar Ölkəsində (hissələr)

15703396

Mən bir əsir idim,
Azad olmaq istədim

Azad olmaq nə qədər də çətin imiş !
****

İstibdadın (despotizmin) mənəvi köklərini və izlərini söküb atmayan mühitlər özbaşınalıqla azadlıqsızlıq arasında dolaşmağa məhkumdurlar.
*****
Ölkəni uçuruma aparan istibdadın özü yox, istibdad quruluşunun işıqlı adamları mənən əzib korlamasıdır.
******
Hökumət və güc pozucu amillərdir.Budda öz ləyaqətini hamıya göstərmək istədiyi zaman ilk işi o oldu ki, hökumətdən çıxdı.İnsanlara hökm etmək ən sayqılı və ən seçmə ruhlarda belə hakimlik hissi yaradır.
********
Özünü fəda etmək keyfiyyətinə təkcə insanlarda rast gəlinir.Bu dəyərli özəllik insanı üstün bir varlığa çevirir.Məhz bu özəlliyin inkişafı fərd və cəmiyyət arasında fərqi ölçməyə imkan verir.Ayrıca bir fərd və ayrıca bir cəmiyyət yüksəldikcə,həmin özəllik də artır .Və tərsinə,fərdlər və cəmiyyət alçaldıqca,fədakarlıq da azalır.
*********
Axı bir insan başqasının təkrarından başqa bir şey deyildir.
***********
Düşüncə və duyğularını tez tez dəyişən və gizli saxlayan adamlarda ləyaqət axtarmaq əbəsdir.Aydındır ki belə insanlar azad ola bilməzlər.
************
Fərdlərdə ləyaqətin olmadığı yerdə azadlıq olmadığı kimi, ciddilik də qalmaz.Ciddiliyin yerini lağlağı tutar.İnsanlar o qədər alçalarlar ki, özlərini ,daşıdıqları fikirləri ,yaratdıqları qurumları, vətən və vətəndaşlarını dolayıb ələ salar,acılıyarlar.
**************
Pul və qorxu ilə ələ alınan belə seçkin adamların daxili və xarici arasında faciəli bir təzad və çəkişmə yaranır.Belələri adətən şeytana çevrilirlər.Xarici daxilindən incik və küskün olur,içi də çölünə lənət oxuyur.Daxildə daşıdıqlarını üzdəki maskalar inkar edir,üzlərindəki maskalara da içləri nifrət duyur.
****************
Onun baxışlarına görə millət deyildiyi zaman bir kütlənin içindəki bütün fərdlər deyil,həmin kütləni mənəvi cəhətdən təmsil edən şüurlu ziyalı zümrəsi nəzərdə tutulmalıdır.
******************
Mövzusu və hədəfi cəmiyyət və təbiət olmayan ədəbiyyat və təfəkkür ,mənşə və mahiyyətcə də boş və əlaqəsiz bir şeydir.
********************
Fədakarlıq varsa ,demək vətəndaşların ictimai və siyasi tərbiyəsi başlanıb.
**********************
Zülmkar rejimdə istər yazı, istərsə danışıq dili çox yüksək, çox bəzəkli, çox görkəmli və əzəmətlidir.Məqsəd bir tərəfdən xalqı alçaltmaq ,ona yazıqlıq,acizlik və qorxu aşılamaq,digər tərəfdənsə, zülmkar rejimin özünü əzəmətli,vüqarlı və eyni zamanda qorxunc və dəhşətli göstərməsidir.
*************************
Bu cür üslubun hakim olduğu mühitdə doğruçuluqdan,səmimiyyətdən,gerçək sevgidən,gerçək bağlılıqdan,bir sözlə ictimai yaşayışın təməlini quran əlaqələrdən nişanə qalırmı?
***************************
Mədəniyyəti aramla yüksələn mühitlərdə adamların qazancları da yavaş yavaş, təbii şəkildə artır.Bu baxımdan ümumi sərvət həmişə mədəniyyətin səviyyəsinə uyğun gəlir.Belə mühitlərdə vərdişlər və onlardan doğan ehtiyaclar təbiidir.Axı bunları ödəmək üçün əldə edilən qazanclar da eyni nisbətdədir.Deməli azadlıq və sərbəstlik üçün təhlükə yoxdur.Ancaq bir də görürsən ki, hələ iqtisadi həyatı inkişaf etməmiş mühitlər mədəniyyətin ən son gerçəklərini yamsılamağa başlayırlar.Bax bu, təhlükəlidir.
*****************************
Mənim gözlərimdə yer, göy hər şey rəngini və mahiyyətini dəyişmişdi.Hər şey məni yaşamağa səsləyirdi.Anladım ki, bütün
varlığımla Azadlıq Mələyinə vurulmuşam!

4 iyun 193o

İzzətxanım Cabarlı

Valideyn nədir, imtahana gəlmək nədir ?!

 

581937_999278970144391_9083926952708438140_n

Qış imtahanları sessiyası başlayandan bəri vaxtilə rüşvətdə adı maksimal dərəcədə hallanan 2 böyük universitetin yeni bir addım ataraq, özlərinin müsbət mənada dəyişdiklərinin sübutu olaraq valideynləri imtahan prosesinə cəlb etməyini, prosesi yaxından izləməyini təmin etməsi əslində çox yaxşı haldır. Bu addımı qiymətləndirməmək düzgün olmazdı. Ancaq bunu necə etdiklərini görəndə, artıq kifayət qədər mənfi bir aura yarandı ki, mən də bunun yaxşı və ya pis tərəflərini aşağıda sizə izah etmək istəyirəm.

Bunu fəxr olunsun deyə deyil sadəcə statistik(!) olaraq yazıram. Mənim 4 illik universitet zamanı yeganə bir dəfə qəbullar açıqlananda mamam ADNA üçün hansı sənədlər lazımdı deyə sormağa gəlib. O mərhələdən başqa heç vaxt kimsə mənim oxuduğum universitetə ayaq basmayıb, nə də mən imkan verməmişəm. Ola biləcək hər hansı problemlər də (maddi vəya mənəvi) özüm bir yol axtarmağa çalışmışam və nəticə olaraq da müsbət mənada kifayət qədər nüans öyrənmişəm. Ən azından yola getməz insanlarla bir dil tapmağa vadar edir səni. Bu özü kifayət qədər yaxşı dərsdir.

Ancaq indi görünən nədir ?
Universitetlərin attığı addım nəticəsində valideyn az qalır gəlib uşaqla birgə auditoriyada otursun dərsin\imtahanın gedişatına baxsın və ya birgə tələbə ilə iştirak etsin. Tamam, anlayıram ki, şəffaflıq falan yaradılmasını əyani olaraq valideynlərə sübut etmək istəyirsiniz. Ancaq buna alternativ kifayət qədər üsul tapmaq olar. Daha imtahan zamanı adicə müəllim adamın başı üstə duranda narahat olur, qalmışdı elə mənim və ya bir başqa tələbə yoldaşımın valideyni məni kənardan diqqətlə izləsin. Daha bunun harası sakitçilik və diqqət dağılmasın deyə təmin olunmuş imtahan otağı və ya şəraiti oldu?!

Vəziyyətə təklif olaraq:
Otaqlarda kifayət qədər müşahidə kameraları olur zatən. Həmin kamera görüntülərini sinevizyon(proyektor) ilə valideynlərin cəminin toplaşdığı bir otaqda\zalda göstərmək daha məqbul olardı, nəinki belə formatda. Bu zaman isə bir valideyn həm imtahan nəzarətçilərinin, tələbələrin birgə işinin təşkili prosesini daha gözəl və rahat bir formatda izləyə bilir. Eyni zamanda tələbədə imtahan zamanını daha rahat və məqsədinə hədəflənmiş şəkildə keçirir. Bu isə əlbəttə, tələbənin maksimal nəticə göstərməyinə yaxşı şərait yaradır. O zaman deyərdim, aha, nəsə yaxşı bir şey edibsiniz indikinə nisbətən.

İndi isə gəlim prosesin digər tərəflərinə. Əgər universitet zamanı tələbənin verəcəyi qərarlarda hələ də valideyn və s. amillər mühüm(!) rol oynayacaqsa bu zaman o gəncdən çox da dünyanı dəyişə biləcək bir şeylər gözləmirəm açıqcası. Səbəb isə budur ki, zatən bizim gənclər öz taleyi haqda ən tez universitet zamanı düşünməyə başlayır, ancaq bu kimi amillər tələbənin özü haqqında düşünmə zamanını daha da gələcəyə ertələyir. Belə bir ertələnmənin nələrə səbəb olacağı isə hamımıza kifayət qədər məlumdur deyə düşünürəm.

İndiki zamanlarında gənclərə öz taleyini yaxşı və ya pis yöndə istiqamətləndirməsini gənclərin özünə buraxmalısınız, əziz müəllim və valideynlər. Onsuz da, bir müddət sonra ayılıb özü hər şeyi dəyişməyə başlayacaq. Bu zamanın isə nə qədər tez bir vaxt kəsiyində olması bir o qədər gəncin xeyrinədir. Ancaq məktəb, bakalavr zamanı, az qala master zamanı da valideyn və valideynlə birgə iş içərisində olan digər faktorların bu istiqamətləndirmədə rol oyanaması, gəncin  özü barədə qərar vermə qabiliyyətini nə qədər gec formalaşdırdığını düşünün. Beləliklə bu gəncin gələcəkdə hər hansı formada bir idarə-edici və ya qərar qəbuledici səlahiyyətləri, xüsusiyyətləri heç formalaşmamış olur. Və daha sonra valdeyn yenə də “camaatın uşağı” deyib köks ötürəcək, gənc isə bu sözdən bezdiyini sosial şəbəkədə və ya valideyn görməyəcək bir şəkildə deyərək şikayətlənəcək.

İqtisad Universitetində valideynlər imtahan gedişatını izlədilər…

Azər Dünyaminoğlu

Vətəndaş jurnalistikası

Lüğətimə son 5 ildə daxil olan bu iki söz öz mənası və təzahürü – işiylə də həyat tərzimə uyğunluğunu mənimçün aydın etdi. Bu yazıda çalışacam ki, bu termin haqda mənə aydın olan məqamlarla sizi də tanış edim. Bir çoxunuz, hətta, görəcəksiniz ki, siz əslində elə vətəndaş jurnalistikasıyla məşğulsunuz.

Əvvəlcə jurnalistika haqda bir neçə ümumiləşdirici söz. “Jurnalist”, “jurnalistika” sözünün mənası, yəqin ki, hamıya bu və ya digər şəkildə aydındır. Qısa olaraq reqlament edim ki, jurnalist cəmiyyətdə baş verən hər hansı hadisəni, o cümlədən, bu və ya digər informasiyanı xalqa heç bir şəxsi subyektiv fikrini ortaya qoymadan, qərəzli müdaxilə olmadan nöqtəsinə qədər müdaxiləsiz çatdıran şəxsdir. Və bu proses isə jurnalistikadır. Lakin vətəndaş mövqeyi ortaya qoyan “vətəndaş jurnalistikası” anlayışı isə bəlkə hələ bir çoxunuz üçün yenidir və mənasının, işinin izahına ehtiyac duyur. Bu da normaldır. Çünki bu anlayış cəmiyyətin lüğət fonduna da son zamanalarda daxil olmuşdur. Əvvəl qeyd etdiyim kimi, jurnalistikanın bu formasında vətəndaş iştirak edir və xəbərin cəmiyyətə çatdırılmasında rol oynayır.

Bizə məlumdur ki, jurnalistikayla xüsusi təhsil görmüş, yəni bu sahəni oxumuş insanlar məşğul olur. Ancaq vətəndaş jurnalistikasıyla məşğul olmaq üçün buna ehtiyac qalmır. Daha da aydın desək, vətəndaş jurnalisti gördüyü hər hansı hadisəni yerindəcə (öz texniki imkanları çərçivəsində) ictimailəşdirə bilən şəxsdir. Bu proses sənə imkan verir ki, gördüyün hadisələrə biganə qalmayaraq hansısa problemin həllində birbaşa və ya dolayı yolla iştirak edəsən. Əslində bu çox önəmli faktordur. Vətəndaş birbaşa olaraq sağlam cəmiyyətin qurulmasına öz tövhəsini vermiş olur.

Hazırki vaxtda internetin həyatımızdakı yeri və rolu hər kəsə məlumdur. Belə olan təqdirdə vətəndaş jurnalistikasının inkişafına real imkanlar yaranır. Vətəndaş istifadə etdiyi sosial şəbəkələrin köməyi ilə xəbər, informasiya, hadisə paylaşan jurnalistə çevrilir.

Vətəndaş jurnalistikası ilə, əsasən  gənc aktivistlər, bloggerlər məşğul olur. Onlar həmçinin paylaşdıqları hadisələrə öz mövqeyini də ortaya qoya bilirlər.

Bir sözlə, vətəndaş jurnalistikası anlayışı cəmiyyətin hər bir fərdinə cəmiyyətin təşkilində və qurulmasındakı rolunu dərk etməyə imkan yaradaraq baş verənlərə laqeyd qalmamağı özündə ehtiva edir.

Gəncləri öz gələcəklərinin qurulmasında iştirak etməyə və öz vətəndaş mövqelərini vətəndaş jurnalistikasıyla ortaya qoymağa dəvət edirəm!

Nərmin Abdullayeva

Ade14