Alternativ Kino Təhlil :”Dogville”

20040628-dogville

 

Bir  şəhər var ki, onsuz bu dünya daha yaxşı olacaq. Bu şəhər Doqvildir.”

***

Bəsit hekayə,sıradan aktyor oyunu , yarısı xəyali olan  dekorasiyalar , qısa dialoqlar ,mahiyyəti sözlərlə ifadənin çətinliyi…

Aristotel deyir ki, insan vasitə yox məqsəddir.Jan Jak Russo isə bunu əxlaqi kontekstdə qiymətləndirir və əlavə edir ki, insandan vasitə olaraq istifadə etmək bir yana, bu ehtimalı düşünmək belə əxlaqsızlıqdır.Məqsəd   yoldur .Vasitə  bu yolda istifadə olunan “nəsnə”dir .Hədəf məqsədə çatmaqdır.Məqsəd  həmişə alidir.Ali olan əxlaqsızlıq daşıya bilməz.

Qarşınızdakı insan sizi məqsəd olaraq yoxsa vasitə olaraqmı görür?Bu sual insanlarla  münasibətdə problem yaradır ona görə də sualı sual halında saxlamaq daha məqsədəuyğundur.

**********************

Doqvil kiçik şəhərdir.Sakinləri sadə adamlar.Hər şey şəhərə yeni birinin gəlişi ilə dəyişir.İnsan mərhəmətinin hadisələrin gedişatında necə sui istifadəyə çevrilməsi sujetdə əksini tapır.Eqoizm nəticəsində insanın məqsəddən vasitəyə çevrilməsi. Burada hakimiyyət neqativ güc olaraq əks olunur.İnsanların mahiyyətinin üzə çəxması üçün onlara şərait yaratmaq kifayətdir rejissorun fikrincə.Filmin baş qəhrəmanı ona qarşı edilən bütün haqsızlıqları insan təbiətinə bağlıyır.”Bir insan öz təbiətinə qarşı gələ bilmirsə onu cəzalandırmaq olmaz! Mən də olsam belə edərdim özümü saxlaya bilməzdim! ”

Amma vəziyyət ikinci dəfə dəyişir.Bu dəfə onun xeyrinə . Bu insanların taleyinin ondan asılı hala gəlməsi ilə.Bu dəfə isə insan həqiqətən məqsəddir.Vasitə isə hakimiyyət.Hədəf şəhəri yox etməkdir.

İlk təəssurat olaraq sizə elə gələ bilər ki, məqsəd ali deyil və  hakimiyyət baş qəhrəmanımızın mövqeyini dəyişdirir.Lakin sonraki cümlədə o deyir :”Əgər bir də kimsə bu şəhərə düşsə, hər şey yenidən təkrarlanacaq” .Hədəf nə qədər dağıdıcı olsa da, məqsəd alidir.Çünki məqsəddə eqoizm yoxdur.Burada gücün mahiyyəti pozitivdir.Güc   intiqam almaq üçün vasitə deyil, heç ədaləti bərpa etmək üçün cəzalandırma  məqsədi də daşımır.

Sonda isə qəhrəman hakimiyyətin mahiyyətini ortaya qoyur:”Hakimiyyət bu dünyanı  azacıq da olsa yaxşı edə bilmək üçün lazımdır.”

Doqvil yandırıldıqdan sonra dünya daha yaxşı yerə çevrilir….

Filmdən çıxardığım nəticə odur ki, hakimiyyət və güc ədaləti bərpa etmək üçün yox ,ola biləcək ədalətsizliklərin qarşını öncədən almaq üçündür.

Filmin əsas hissəsi (8 dəqiqə) ata və qızının dialoqudur.Bu dialoqda filmin bütün mahiyyəti əks olunub.Filmə baxmaq da olar, baxmamaq da, amma bu hissəyə mütləq baxmalısınız .Əminəm ki,ona  baxmaqla özünüz üçün bir çox başqa nəticələr də çıxaracaqsınız.Kim bilir, bəlkə də, çıxardığınız bu nəticələr yeni bir blog yazısına çevrildi 😉

Izzətxanım Cabarlı

 

Advertisements

Sosial iş və sosial işçi

“Sosial” sözünün mənasını hamımız bilirik. Bəs “sosial iş” nədir? Terminin ən qısa və sadə izahı belədir: Sosial iş, cəmiyyətlə işdir.

Son zamanlar dilimizdə tez-tez rast gəlinməyən bir terminlə  də qarşılaşırıq- “sosial işçi”.  Bu anlayış 19-cu əsrin sonlarından Qərbi Avropa və Amerikada geniş vüsət aldığı halda, Azərbaycanda  yalnız  21-ci əsrin başlanğıcında dilimizə daxil olmuşdur.“Sosial işçi” anlayışı  19-cu əsrin sonu ,20-ci əsrin əvvəllərində meydana çıxmış,ancaq müstəqil ixtisas kimi özünü İkinci Dünya Müharibəsindən sonra doğrultmuşdu.Söz birləşməsində “işçi” sözünün olması dərhal belə bir fikir yaradır ki, bu şəxs  hansısa fəaliyyət sahəsi ilə məşğuldur.Bəs qeyd olunan fəaliyyətin özü nədən ibarətdir?

Dövlət sosial ehtiyacı olan vətəndaşların sorğularına ayrı-ayrılıqda baxmalı və fərdi iş aparmalı idi. Məhz belə çətin vəziyyətdə bu funksiyanı sosial işçilər öz üzərlərinə götürdü.

Sosial işçilərin fəaliyyət sahəsi dedikdə, çoxları adətən yetim və valideyn himayəsindən məhrum olmuş uşaqları, qocaları, problemli ailələri nəzərdə tutur.Təsadüfi deyil ki, çox tez-tez sosial işçiliyin kökünün daha qədim zamanlardan gəldiyi fikri ilə qarşılaşırıq. Bunu orta əsrlərdən gələn xeyriyyəçilik fəaliyyəti ilə əlaqələndirib, eyni şeyin müasir forması kimi göstərirlər. Əslində isə xeyriyyəçilik və sosial işçilik metod və struktur cəhətdən tam fərqlidir.

Social-Worker

Xeyriyyəçiliklə məşğul olanların əsas hərəkətverici qüvvəsi mənəvi borc və xeyirxahlıq etmək istəyidir. Bu, işin həcmi, yardımın miqdarı və müddəti ilə qiymətləndirilir. Müasir sosial işçi isə öz vəzifəsini kömək etdiyi insanın onun köməyinə ehtiyacında  görür və bu  peşəkar fəaliyyətin əsas kriteriyalarından hesab olunur. Buna nail olmaq üçün aparılan işi müxtəlif formada: reabilitasiya, normallaşdırma, readaptasiya adlandırırlar, ancaq yenə də əsas məqsəd yardıma ehtiyacı olan şəxsə mövcud sosial kontekstdə müstəqil fəaliyyət göstərmək qabiliyyətini qaytarmaqdır. Buna görə də gələcəyin sosial işçilərinə “sifarişçinin” fərdi psixologiyasına bələd olmağı öyrədirlər.Sosial işçi cəmiyyətdə qarşılaşa biləcəyimiz hər bir fərdlə işləmək imkanına malikdir. Bu , hər hansı problemi olan şəxslər, kimsəsiz uşaqlar, zorakılığa məruz qalmış qadınlar, problemli ailələr, işsizlər, evsizlər və ya sadəcə hüquqi, sosial dəstəyə ehtiyacı olan şəxslərdir. Sosial işçi bu şəxslərin problemləri ilə ətraflı maraqlanır, həll yollarını göstərir və müvafiq qurumlarla əlaqələr yaradır.

Sosial işçi peşəsini aşağıdakı ixtisaslar təmsil edir :

  • sosial pedaqoq, psixoloq
  • sosial işçi -hüquqşünas
  • ekoloq
  • gerentoloq (ahıllarla iş)
  • tibb sahəsində çalışan sosial işçilər
  • icmalarda çalışan sosial işçilər
  • hərbi bölmədə çalışanlar
  • ekstrimal vəziyyətdə fəaliyyət göstərən şəxslər

Yeni müstəqillik əldə etmiş, eyni zamanda müharibə şəraitində yaşayan Azərbaycanın sosial işçilərə daha çox ehtiyacı var. Bir milyondan artıq qaçqın və məcburi köçkünü, keçid dövrü ilə əlaqədar yaranmış müvəqqəti işsizləri olan ölkədə bir sıra problemlər ortaya çıxır ki, burada sosial işçilərin köməyi əvəzsiz ola bilər. Belə olan halda, sosial işçilər dövlətin ən yaxın köməkçi və dostlarıdır. Əlbəttə ki, əgər qeyd olunan insanların hansı sosial-psixoloji yardımlara ehtiyacları olduğunu və onlarla hansı zəruri işlərin aparılmasını ayrı-ayrılıqda göstərsək, çox vaxt ala bilər. Azərbaycan hökuməti artıq bu ehtiyacı hiss edib və bu sahədə mütəxəssislərin hazırlanmasının zəruriliyini anlayıb. Ancaq hiss etmək və ya anlamaq o demək deyil ki, artıq qeyd olunan istiqamətdə müəyyən işlər aparılır. Məncə, ilk öncə məsələyə ictimaiyyətin diqqətini cəlb etmək lazımdır. İnsanlar özləri bu təlabatı hiss etməlidir. Ümid edirəm ki, oxucularımız təqdim olunan məqaləni oxuyarkən  məqsədin məhz bundan ibarət olduğunu aydın hiss edəcək 🙂

Gültac Amanova

 

Simvolik uğursuzluq…

Tarixən Azərbaycan ərazisində yaranmış geniş torpaqlarımız, zamanla ərazilər itirmiş, getdikcə kiçilmiş və bu günkü gün az ölçülü torpaqlarla məhdudlaşmışdır. Əgər Azərbaycan adı altında ilk dəfə yaranmış Cümhuriyyətimizlə tarixə qədəmimizi düşünsək, onda bu şanlı ölkəmizin də sadəcə 23 ay yaşadığını, nəhayət 1991-ci ildə yenidən müstəqil olan respublikamızın isə ərazilər itirməsi ilə bərpası haqqında hər birimiz yaxşı bilirik. Bu tarixi uğursuzluğumuzu simvollaşdırsaq necə?

Heraldika elmi, 9 əsr bundan öncə yaranıb və Anglo-Norman sözü olan “herald” sözündəndir, mənası “ordu başçısı” kimi tərcümə olunur. Lakin tarixən heraldika elm olaraq “tarixin stenoqrafiyası” və ya “tarix baxçasının güllü sərhədi” mənasını daşımışdır. Mənasından göründüyü kimi, gerblər haqqında elm, məhz ölkənin tarixini, yaşını, nüfuzunu, hətta gələcəyinin belə, təsvirini özündə ehtiva edir.

Bizim bayrağımızda aypara “C” hərfi formasındadır. Ay fazalarında bu formada olan ay, batan aydır. Simvolik mənası təslim olmaq, səssizlik, yenidən doğuluş üçün zaman, sönmə, azalma, məhv olma mənasındadır.Digər mənada batan ay ölçüdə kiçilmək, qovulmaq, sürgün olmaq, təslim olmaq, buraxmaq, əks-zidd mənalarındadır.

Heraldika elmi mənası qeyd edildiyi kimi, tarixin stenoqrafiyasıdır. Nəyə görə biz batan və azalan ayı özümüzə simvol seçib bayrağımıza həkk etmişik? Ayparanın simvolik tarixi Misir, Mesopotamiyaya qədər uzanmasına baxmayaraq, bu gün İslam dinli dövlətlər aypara ilə tanındığından ayparanı istifadə etmək olar. Lakin, əgər bu simvolika qalarsa, işarə əks tərəfi tutmalıdır. Bayrağımızdakı aypara deyil, onun əksi olan aypara, ay fazasında yeni doğulmuş, böyüyən, inkişaf edən, işıq saçan, genişlənən mənasındadır.[3] Biz məhz daima böyüyən genişlənən ayparanı bayrağımızın simvoluna çevirməliyik. Bizə tanış bu aypara altında heç bir ölkə genişlənməyib. Azalıb və zəifləyib. Bizi və Türkiyəni misal götürək,biz artıq illərdir ki genişlənmək əvəzinə kiçilirik. Türiyə də həmçinin, Osmanlı torpaqlarından təkcə Anadolu ilə məhdudlaşıb və bu gün də kürdlər Kürdüstan dövləti yaratmaq istəyi ilə Türkiyə ərazi bütövlüyünə təhdid törədirlər. Təkcə ərazi deyil, ümumi inkişafdan danışsaq, onda nə biz nə digər “C” hərfi fomasında olan aypara simvolikalı ölkələrdə inkişaf yoxdur. Zəifdirlər, sosial-güc sıfır səviyyədədir, təhsil, səhiyyə, ümumilikdə bir millət və ölkəyə xas nə varsa, hər bir sahədə uğur və böyümə demək olar ki, yox səviyyəsindədir.

Əks aypara işarəsi bu gün təkcə Türkmənistan, Mavritaniya və Qərbi Sahara Laouyne kimi islam dinli respublikaların bayraqlarına həkk olmuşdur. Müsəlman olmayıb ayparası olan respublikalardan yeganə Cənubi Karolina Respublikasının( və ya ştatının)  bayrağıdır.

Azərbaycanın 1920-1921-ci illər ərzində Sovet Sosialist Respublikası olan zaman təkcə ilk bayrağında aypara əks tərəfə baxır. Lakin bir il keçəndən sonra bayraq tamamilə dəyişdirilmişdir.Bayrağın qəfil  dəyişilməsi tam bilinməsədə, onun ayparasının əks tərəfə olmaqla ilk dəfə işarələnməsi, kimlərəsə çox yaxşı məlum olub.

Aypara simvolu İslam dininə bağlanılır. İslam dini öz təsirini yaydıqdan və yayıldığı torpaqlarda möhkəmləndikdən sonra, onun dəyərləri artıq öz təsirini yavaş-yavaş tayfa, ittifaq, birlik və dövlətlərdə göstərməyə başladı.

İslamda aypara işarəsi haqqda məlumata Qurani Kərimdə Bəqərə surəsi 189- cu ayədə (2:189) rast gəlinir: (Ya Rəsulum!) Yeni doğan aylar (hilal) barəsində səndən sual edildikdə, söylə ki, bunlar insanların istifadəsi və həcc üçün vaxt ölçüləridir. Evlərinizə (Cahiliyyət dövründə olduğu kimi) arxa tərəfdən girməniz yaxşı iş deyildir. Yaxşı iş (pis əməllərdən) çəkinən kimsənin əməlidir. Evlərə qapılarından daxil olun və Allahdan qorxun ki, nicat tapasınız!Hətta Müdəssir surəsi 32- ci ayədə (74:32), aya and belə içilir: Xeyr! (İş heç də bu müşriklərin zənn etdiyi kimi deyildir). And olsun aya; Bundan savayı ay haqqında Ənam (6:77-96), Fussilət (41:37), Tövbə (9:36) surələrində məlumatlara rast gəlmək olar.

Bayraq hər bir millətin mübarizə göstəricisidir. Bayraq danışıqlarda, döyüş meydanlarında tanınma rəmzidir. Hər bir xalq yaşadıqca onun bayrağı da onun əzminə uyğun dalğalanır. Üçrəngli bayrağımız bizi ifadə etdiyindən, ona diqqət sonsuz olmalıdır və əgər onun işarəsi bizim zəifliyimizi göstərirsə, o işarə dəyişilməlidir.

Şahin Hüseynzadəazerbaycan bayrağı(1)

Valideyn nədir, imtahana gəlmək nədir ?!

 

581937_999278970144391_9083926952708438140_n

Qış imtahanları sessiyası başlayandan bəri vaxtilə rüşvətdə adı maksimal dərəcədə hallanan 2 böyük universitetin yeni bir addım ataraq, özlərinin müsbət mənada dəyişdiklərinin sübutu olaraq valideynləri imtahan prosesinə cəlb etməyini, prosesi yaxından izləməyini təmin etməsi əslində çox yaxşı haldır. Bu addımı qiymətləndirməmək düzgün olmazdı. Ancaq bunu necə etdiklərini görəndə, artıq kifayət qədər mənfi bir aura yarandı ki, mən də bunun yaxşı və ya pis tərəflərini aşağıda sizə izah etmək istəyirəm.

Bunu fəxr olunsun deyə deyil sadəcə statistik(!) olaraq yazıram. Mənim 4 illik universitet zamanı yeganə bir dəfə qəbullar açıqlananda mamam ADNA üçün hansı sənədlər lazımdı deyə sormağa gəlib. O mərhələdən başqa heç vaxt kimsə mənim oxuduğum universitetə ayaq basmayıb, nə də mən imkan verməmişəm. Ola biləcək hər hansı problemlər də (maddi vəya mənəvi) özüm bir yol axtarmağa çalışmışam və nəticə olaraq da müsbət mənada kifayət qədər nüans öyrənmişəm. Ən azından yola getməz insanlarla bir dil tapmağa vadar edir səni. Bu özü kifayət qədər yaxşı dərsdir.

Ancaq indi görünən nədir ?
Universitetlərin attığı addım nəticəsində valideyn az qalır gəlib uşaqla birgə auditoriyada otursun dərsin\imtahanın gedişatına baxsın və ya birgə tələbə ilə iştirak etsin. Tamam, anlayıram ki, şəffaflıq falan yaradılmasını əyani olaraq valideynlərə sübut etmək istəyirsiniz. Ancaq buna alternativ kifayət qədər üsul tapmaq olar. Daha imtahan zamanı adicə müəllim adamın başı üstə duranda narahat olur, qalmışdı elə mənim və ya bir başqa tələbə yoldaşımın valideyni məni kənardan diqqətlə izləsin. Daha bunun harası sakitçilik və diqqət dağılmasın deyə təmin olunmuş imtahan otağı və ya şəraiti oldu?!

Vəziyyətə təklif olaraq:
Otaqlarda kifayət qədər müşahidə kameraları olur zatən. Həmin kamera görüntülərini sinevizyon(proyektor) ilə valideynlərin cəminin toplaşdığı bir otaqda\zalda göstərmək daha məqbul olardı, nəinki belə formatda. Bu zaman isə bir valideyn həm imtahan nəzarətçilərinin, tələbələrin birgə işinin təşkili prosesini daha gözəl və rahat bir formatda izləyə bilir. Eyni zamanda tələbədə imtahan zamanını daha rahat və məqsədinə hədəflənmiş şəkildə keçirir. Bu isə əlbəttə, tələbənin maksimal nəticə göstərməyinə yaxşı şərait yaradır. O zaman deyərdim, aha, nəsə yaxşı bir şey edibsiniz indikinə nisbətən.

İndi isə gəlim prosesin digər tərəflərinə. Əgər universitet zamanı tələbənin verəcəyi qərarlarda hələ də valideyn və s. amillər mühüm(!) rol oynayacaqsa bu zaman o gəncdən çox da dünyanı dəyişə biləcək bir şeylər gözləmirəm açıqcası. Səbəb isə budur ki, zatən bizim gənclər öz taleyi haqda ən tez universitet zamanı düşünməyə başlayır, ancaq bu kimi amillər tələbənin özü haqqında düşünmə zamanını daha da gələcəyə ertələyir. Belə bir ertələnmənin nələrə səbəb olacağı isə hamımıza kifayət qədər məlumdur deyə düşünürəm.

İndiki zamanlarında gənclərə öz taleyini yaxşı və ya pis yöndə istiqamətləndirməsini gənclərin özünə buraxmalısınız, əziz müəllim və valideynlər. Onsuz da, bir müddət sonra ayılıb özü hər şeyi dəyişməyə başlayacaq. Bu zamanın isə nə qədər tez bir vaxt kəsiyində olması bir o qədər gəncin xeyrinədir. Ancaq məktəb, bakalavr zamanı, az qala master zamanı da valideyn və valideynlə birgə iş içərisində olan digər faktorların bu istiqamətləndirmədə rol oyanaması, gəncin  özü barədə qərar vermə qabiliyyətini nə qədər gec formalaşdırdığını düşünün. Beləliklə bu gəncin gələcəkdə hər hansı formada bir idarə-edici və ya qərar qəbuledici səlahiyyətləri, xüsusiyyətləri heç formalaşmamış olur. Və daha sonra valdeyn yenə də “camaatın uşağı” deyib köks ötürəcək, gənc isə bu sözdən bezdiyini sosial şəbəkədə və ya valideyn görməyəcək bir şəkildə deyərək şikayətlənəcək.

İqtisad Universitetində valideynlər imtahan gedişatını izlədilər…

Azər Dünyaminoğlu