Alternativ Kino Təhlil :”Dogville”

20040628-dogville

 

Bir  şəhər var ki, onsuz bu dünya daha yaxşı olacaq. Bu şəhər Doqvildir.”

***

Bəsit hekayə,sıradan aktyor oyunu , yarısı xəyali olan  dekorasiyalar , qısa dialoqlar ,mahiyyəti sözlərlə ifadənin çətinliyi…

Aristotel deyir ki, insan vasitə yox məqsəddir.Jan Jak Russo isə bunu əxlaqi kontekstdə qiymətləndirir və əlavə edir ki, insandan vasitə olaraq istifadə etmək bir yana, bu ehtimalı düşünmək belə əxlaqsızlıqdır.Məqsəd   yoldur .Vasitə  bu yolda istifadə olunan “nəsnə”dir .Hədəf məqsədə çatmaqdır.Məqsəd  həmişə alidir.Ali olan əxlaqsızlıq daşıya bilməz.

Qarşınızdakı insan sizi məqsəd olaraq yoxsa vasitə olaraqmı görür?Bu sual insanlarla  münasibətdə problem yaradır ona görə də sualı sual halında saxlamaq daha məqsədəuyğundur.

**********************

Doqvil kiçik şəhərdir.Sakinləri sadə adamlar.Hər şey şəhərə yeni birinin gəlişi ilə dəyişir.İnsan mərhəmətinin hadisələrin gedişatında necə sui istifadəyə çevrilməsi sujetdə əksini tapır.Eqoizm nəticəsində insanın məqsəddən vasitəyə çevrilməsi. Burada hakimiyyət neqativ güc olaraq əks olunur.İnsanların mahiyyətinin üzə çəxması üçün onlara şərait yaratmaq kifayətdir rejissorun fikrincə.Filmin baş qəhrəmanı ona qarşı edilən bütün haqsızlıqları insan təbiətinə bağlıyır.”Bir insan öz təbiətinə qarşı gələ bilmirsə onu cəzalandırmaq olmaz! Mən də olsam belə edərdim özümü saxlaya bilməzdim! ”

Amma vəziyyət ikinci dəfə dəyişir.Bu dəfə onun xeyrinə . Bu insanların taleyinin ondan asılı hala gəlməsi ilə.Bu dəfə isə insan həqiqətən məqsəddir.Vasitə isə hakimiyyət.Hədəf şəhəri yox etməkdir.

İlk təəssurat olaraq sizə elə gələ bilər ki, məqsəd ali deyil və  hakimiyyət baş qəhrəmanımızın mövqeyini dəyişdirir.Lakin sonraki cümlədə o deyir :”Əgər bir də kimsə bu şəhərə düşsə, hər şey yenidən təkrarlanacaq” .Hədəf nə qədər dağıdıcı olsa da, məqsəd alidir.Çünki məqsəddə eqoizm yoxdur.Burada gücün mahiyyəti pozitivdir.Güc   intiqam almaq üçün vasitə deyil, heç ədaləti bərpa etmək üçün cəzalandırma  məqsədi də daşımır.

Sonda isə qəhrəman hakimiyyətin mahiyyətini ortaya qoyur:”Hakimiyyət bu dünyanı  azacıq da olsa yaxşı edə bilmək üçün lazımdır.”

Doqvil yandırıldıqdan sonra dünya daha yaxşı yerə çevrilir….

Filmdən çıxardığım nəticə odur ki, hakimiyyət və güc ədaləti bərpa etmək üçün yox ,ola biləcək ədalətsizliklərin qarşını öncədən almaq üçündür.

Filmin əsas hissəsi (8 dəqiqə) ata və qızının dialoqudur.Bu dialoqda filmin bütün mahiyyəti əks olunub.Filmə baxmaq da olar, baxmamaq da, amma bu hissəyə mütləq baxmalısınız .Əminəm ki,ona  baxmaqla özünüz üçün bir çox başqa nəticələr də çıxaracaqsınız.Kim bilir, bəlkə də, çıxardığınız bu nəticələr yeni bir blog yazısına çevrildi 😉

Izzətxanım Cabarlı

 

Sosial iş və sosial işçi

“Sosial” sözünün mənasını hamımız bilirik. Bəs “sosial iş” nədir? Terminin ən qısa və sadə izahı belədir: Sosial iş, cəmiyyətlə işdir.

Son zamanlar dilimizdə tez-tez rast gəlinməyən bir terminlə  də qarşılaşırıq- “sosial işçi”.  Bu anlayış 19-cu əsrin sonlarından Qərbi Avropa və Amerikada geniş vüsət aldığı halda, Azərbaycanda  yalnız  21-ci əsrin başlanğıcında dilimizə daxil olmuşdur.“Sosial işçi” anlayışı  19-cu əsrin sonu ,20-ci əsrin əvvəllərində meydana çıxmış,ancaq müstəqil ixtisas kimi özünü İkinci Dünya Müharibəsindən sonra doğrultmuşdu.Söz birləşməsində “işçi” sözünün olması dərhal belə bir fikir yaradır ki, bu şəxs  hansısa fəaliyyət sahəsi ilə məşğuldur.Bəs qeyd olunan fəaliyyətin özü nədən ibarətdir?

Dövlət sosial ehtiyacı olan vətəndaşların sorğularına ayrı-ayrılıqda baxmalı və fərdi iş aparmalı idi. Məhz belə çətin vəziyyətdə bu funksiyanı sosial işçilər öz üzərlərinə götürdü.

Sosial işçilərin fəaliyyət sahəsi dedikdə, çoxları adətən yetim və valideyn himayəsindən məhrum olmuş uşaqları, qocaları, problemli ailələri nəzərdə tutur.Təsadüfi deyil ki, çox tez-tez sosial işçiliyin kökünün daha qədim zamanlardan gəldiyi fikri ilə qarşılaşırıq. Bunu orta əsrlərdən gələn xeyriyyəçilik fəaliyyəti ilə əlaqələndirib, eyni şeyin müasir forması kimi göstərirlər. Əslində isə xeyriyyəçilik və sosial işçilik metod və struktur cəhətdən tam fərqlidir.

Social-Worker

Xeyriyyəçiliklə məşğul olanların əsas hərəkətverici qüvvəsi mənəvi borc və xeyirxahlıq etmək istəyidir. Bu, işin həcmi, yardımın miqdarı və müddəti ilə qiymətləndirilir. Müasir sosial işçi isə öz vəzifəsini kömək etdiyi insanın onun köməyinə ehtiyacında  görür və bu  peşəkar fəaliyyətin əsas kriteriyalarından hesab olunur. Buna nail olmaq üçün aparılan işi müxtəlif formada: reabilitasiya, normallaşdırma, readaptasiya adlandırırlar, ancaq yenə də əsas məqsəd yardıma ehtiyacı olan şəxsə mövcud sosial kontekstdə müstəqil fəaliyyət göstərmək qabiliyyətini qaytarmaqdır. Buna görə də gələcəyin sosial işçilərinə “sifarişçinin” fərdi psixologiyasına bələd olmağı öyrədirlər.Sosial işçi cəmiyyətdə qarşılaşa biləcəyimiz hər bir fərdlə işləmək imkanına malikdir. Bu , hər hansı problemi olan şəxslər, kimsəsiz uşaqlar, zorakılığa məruz qalmış qadınlar, problemli ailələr, işsizlər, evsizlər və ya sadəcə hüquqi, sosial dəstəyə ehtiyacı olan şəxslərdir. Sosial işçi bu şəxslərin problemləri ilə ətraflı maraqlanır, həll yollarını göstərir və müvafiq qurumlarla əlaqələr yaradır.

Sosial işçi peşəsini aşağıdakı ixtisaslar təmsil edir :

  • sosial pedaqoq, psixoloq
  • sosial işçi -hüquqşünas
  • ekoloq
  • gerentoloq (ahıllarla iş)
  • tibb sahəsində çalışan sosial işçilər
  • icmalarda çalışan sosial işçilər
  • hərbi bölmədə çalışanlar
  • ekstrimal vəziyyətdə fəaliyyət göstərən şəxslər

Yeni müstəqillik əldə etmiş, eyni zamanda müharibə şəraitində yaşayan Azərbaycanın sosial işçilərə daha çox ehtiyacı var. Bir milyondan artıq qaçqın və məcburi köçkünü, keçid dövrü ilə əlaqədar yaranmış müvəqqəti işsizləri olan ölkədə bir sıra problemlər ortaya çıxır ki, burada sosial işçilərin köməyi əvəzsiz ola bilər. Belə olan halda, sosial işçilər dövlətin ən yaxın köməkçi və dostlarıdır. Əlbəttə ki, əgər qeyd olunan insanların hansı sosial-psixoloji yardımlara ehtiyacları olduğunu və onlarla hansı zəruri işlərin aparılmasını ayrı-ayrılıqda göstərsək, çox vaxt ala bilər. Azərbaycan hökuməti artıq bu ehtiyacı hiss edib və bu sahədə mütəxəssislərin hazırlanmasının zəruriliyini anlayıb. Ancaq hiss etmək və ya anlamaq o demək deyil ki, artıq qeyd olunan istiqamətdə müəyyən işlər aparılır. Məncə, ilk öncə məsələyə ictimaiyyətin diqqətini cəlb etmək lazımdır. İnsanlar özləri bu təlabatı hiss etməlidir. Ümid edirəm ki, oxucularımız təqdim olunan məqaləni oxuyarkən  məqsədin məhz bundan ibarət olduğunu aydın hiss edəcək 🙂

Gültac Amanova

 

Dəyərlər haqqında mülahizələr


 

Qramşi deyirdi ki, üst sistemlə(ideyalarla) alt sistem(materiya) arasında bir körpü var ,bu körpü dəyərlər sistemi və ya ideologiyadır.Marks isə,alt sistemi (materiyanı) dəyişdirməklə üst sistemi(ideyaları) dəyişdirsək , ümumilikdə sistemin dəyişəcəyinə inanırdı və ideologiyanı burjuaziyanın aləti adlandırırdı ,ideologiya Marksa görə sadəcə imitasiyadır. Eksistensialistlər isə bir özə inanmır və ideologiya onlar üçün dəyişkən mahiyyətə malikdir. Postmodernistlər ideologiyanın çökəcəyini dövrə qədəm qoyduğumuzu deyir.Bəs siz mənim gördüyüm təhlükəni görürsünüz?
Kant vəziyyətə görə davrananları psixoloji ,dəyərlərə görə davrananları mənəvi insan adlandırır.
Mənəvi insanların sayı azalır…
Bir özün mövcud olmaması insanların hər dəqiqə, hətta hər saniyə dəyişməsi və tamamilə sabit dəyərlər sisteminin olmaması məni qorxudur.Dəyərləri olmayan, bütün həyat həqiqətlərini yaşadığı situasiya və mənfəətlərinə uyğunlaşdıran eqoist, süni rasionalist və mənfəət düşkünü insanlar necə bir gələcək yarada bilər ki?
Eqoist birindən heç bir fədakarlıq da gözləyə bilmərik ,halbuki sağlam cəmiyyətin dayağı alturist davranışdır.

Bizimlə eyni dəyərləri daşıyanlarla özünü tamın bir hissəsi kimi də hiss edir insan,digər tərəfdən tamın bir hissəsi olmaq fərdiliyimizi əlimizdən almır, əksinə o insanların fərdi keyfiyyətlərinin təsiri ilə özümüzü daha yaxşı anlamağımıza şərait yaradır.
Biz özümüzə bənzəyən ,eyni dəyərləri daşıdığımız bu insanların yanında özümüzə daha çox inanırıq və bu inam daha həqiqidir, çünki onun dayağı bizim dəyərlərimizə olan  sədaqətimizdir.Eyni dəyərlər bizi tam edir,natamamlıqdan xilas edir ,fərd olmağa kömək edir.Fərd olmaq həm də unikal olmadığını dərk edib, öz unikallığını axtarmaq üçün cəhd etməkdir.
Özü yaradan dəyərlərdir,dəyərlərinizi axtarın!
Həyatın məqsədi öz’ü tapmaqdır.Özü eksistensialistlər dediyi kimi yaratmaq mümkün deyil məncə.Öz həmişə var və olacaq, həyat onu axtarmaqla keçən uzun bir yoldur ,bu yolda hamımıza uğur olsun !

İzzətxanım Cabarlı