“Aydınlanma nədir?” sualına cavab- İ. Kant (1784)

11695801_688863667911178_6807902501607882257_n

Aydınlanma, insanın özünə təlqin etdiyi qeyri-yetkinlikdən xilasıdır. Yetkin olmamaq-başqası tərəfindən istiqamətləndirilmədən öz ağlını istifadə edə bilmək bacarığının olmamasıdır. Əgər yetişkin olmama halının səbəbi ağlın həqiqətən qıt olması deyilsə, onda başqasının rəhbərliyi olmadan öz ağlını istifadə etmək cəsarətinin və qərarlılığının olmamasıdır və özünətəlqinlə və könüllü yaranır. “SAPERE AUDE!”- “Öz ağlını istifadə etmək cəsarəti göstər!”- Aydınlanmanın şüarı budur.Təbiətin boyunduruğundan azad olmalarından uzun müddət keçsə də, əksəriyyətin qeyri-yetkinliyindən məmnun qalması və başqalarının özlərini yol göstərməsini asanlıqla qəbul edə bilmələrinin səbəbi cəsarətsizlik və tənbəllikdir. Qeyri-yetkinlik rahatlıq yaradır. Düşüncəmi əvəz edən bir kitab, vicdanımı əvəz edən bir din xadimi, pərhizimi müəyyənləşdirən bir həkim varsa, özümü əziyyətə salmağıma ehtiyac yoxdur. Qiymətini ödəyə bilirəmsə düşünməyimə ehtiyac qalmır, belə cansıxıcı işləri başqaları mənim əvəzimə görür.Nəzarət etməyə həvəsli olanlar, insanların əksəriyyətinin (zərif cinsin hamısının) yetişkinliyə can atmağın çətin olmaqdan ziyadə təhlükəli olduğunu düşünmələri üçün əllərindən gələni edirlər. Əvvəlcə ev heyvanlarını əhliləşdirib bu dilsiz canlıların yüyənsiz bir addım belə atmayacaqlarına əmin olan nəzarətçilər, tək gəzəcəkləri halda qarşılaşacaqları təhlükələri onlara bir bir göstərirlər. Əslində bu təhlükələr o qədər də böyük deyil və bir neçə dəfə yıxılmaqdan qorxmayanlar gec ya da tez yeriməyi mütləq öyrənirlər. Ancaq yıxılma qorxusu insanları ürkəkləşdirir və onlar cəhd etməkdən qorxurlar.Beləliklə, fərd üçün artıq öz xarakterinə çevrilmiş qeyri-yetkinlikdən xilas olmaq çox çətin olur. Hətta o halından məmnundur və indiki vəziyyətində öz ağlını istifadə edə bilməz, buna cəhd etməsinə heç vaxt icazə verilməyib. Təbii istedadının rasional istifadəsi (realda səhv istifadəsi) üçün mexaniki alətlər olmalı olan qaydalar və üsullar onu qalıcı yetərsizliyə məhkum edən qandallara çevrilirlər.Öz təşəbbüsü ilə qandallarından qurtulan tapılsa belə həmin fərd ancaq kiçik ürkək addımlar ata bilər, çünkü müstəqil hərəkət etmək üçün hazırlıqlı deyil. Fərdi qaydada qandallarını ataraq öz ağlını inkişaf etdirib natamamlıqdan qurtulmağa və öz düzgün yolunu tapmağa çox az insan nail olur.Ancaq cəmiyyətin özünü aydınlatması potensialı daha yüksəkdir, əslində ona sadəcə azadlıq verilsə, aydınlanma qaçılmaz olar. Hətta böyük kütlələrin başbilənləri arasından belə düşünmək üçün düşünənlər çıxa bilər. Sayca az olsalar da onlar natamamlıq boyunduruğundan qurtulub, yəni özləri sonra rasional düşüncəni təqdir ruhunu həm öz dəyərləri, həm də digər insanların düşünmələri naminə yayacaqlar. Ancaq xüsusilə vurğulanmalıdır ki, aydınlanmağa yetərsiz olanlar anidən ortaya çıxıb nəzarətçilərin boyunduruq altına aldığı kütləni aydınlanma istiqamətində qızışdırarlarsa, bu dəfə gözətçilər sinfi boyunduruq altına düşə bilərlər. Stereotipləri təlqin etmək təhlükəlidir, onları yayanlardan ya da yayanların törəyindən gec tez öz qisaslarını alırlar. Odur ki, ictimai aydınlanma ani deyil, tədricən olmalıdır. İnqilabla müstəbid despotu və ya möhtəkir zorbanı yıxmaq mümkündür, ancaq bu yolla düşüncədə həqiqi islahata nail olmaq olmaz. Köhnə stereotiplərin yerini yeniləri tutar və düşünməyən böyük kütlələr üçün yeni boyunduruq xidməti görər.Aydınlanma üçün təkcə azadlığa ehtiyac vardır və bu azadlıq, azadlıqların ən zərərsizidir:Ağlı, açıq aşkarda, hər sahəyə tətbiq etmək azadlığı. Hər tərəfdən qışqırıqlar eşidirəm: “Müzakirə eləmə!”. Komandir əmr verir: “Düşünmə, addımla!”, vergi məmuru əlini açır: “Düşünmə, vergi ver!”, din xadimi qorxudur: “Düşünmə, inan!” (Dünyada sadəcə bir rəhbər “Nə haqqında və nə qədər istəyirsən düşün, ancaq tabe ol!” deyir). Bunlar azadlığın yayğın məhdudlaşdırılmasının nümunələridir. Hansı məhdudiyyət azadlığa mane olur, hansı mane olmur və hətta onu dəstəkləyir? Cavab verim: Ağlın ictimai istifadəsi həmişə sərbəst olmalıdır və bu qədər azadlıq belə insanların aydınlanması üçün yetərlidir. Əksinə, ağlın xüsusi istifadəsi dar çərçivədə aydınlanmaya mane olmayacaq çəkidə məhdudlaşdırıla bilər. Kiminsə ağlını cəmiyyət qarşısında istifadə etməsi dedikdə onun qələm əhli, savadlı bir insan, bir ziyalı olaraq bütün savadlı adamlar qarşısında düşündüklərini ifadə etməsi başa düşülməlidir. Ağlın özəl istifadəsi isə konkret bir vəzifə sahibi olan insanın ona etibar edilən postda üzərinə düşənləri icra etdiyi zaman reallaşır.İctimai maraqlar naminə yerinə yetirilən işlər üçün elə mexanizmlərə ehtiyac var ki, bunlar vasitəsiylə hökümət mexanizmin iştirakçılarının ayrı-ayrılıqda tamamən passiv fəaliyyətlərini ictimai maraqlar üçün koordinasiya etsin, ən azından bu fəaliyyətlərin ictimai maraqların əleyhinə yönəlməsinin qarşısını alsın. Bu mexanizmin bir parçası olan insanın mübahisə və müzakirə açması deyil, tabe olması məqsədəuyğundur. Ancaq belə bir mexanizmin parçası olan insan, həm də ictimaiyyətin hətta daha geniş mənada mədəni dünyanın bir fərdi olaraq, savadlı bir insan kimi ictimaiyyətə müraciət edə bilər, üzvü olduğu mexanizmin işinə ziyan vermədən fikrini ifadə edə bilər. Yuxarıdan əmr almış bir hərbçinin vəzifə başında əmrin məntiqli və ya faydalı olub olmamasını götür-qoy etməsi fəlakətlə nəticələnə bilər, o əmrə tabe olmalıdır. Ancaq onun savadlı bir insan olaraq hərbi sistemdəki çatışmazlıqlar haqqında danışmasına və bunları ictimai müzakirəyə təqdim etməsinə məhdudiyyət qoyulmamalıdır. Bir vətəndaş mükəlləfi olduğu vergini ödəməkdən imtina edərsə, bu davranışı ilə başqalarına da itaətsizlik nümunəsi göstərmiş olar və cəzalandırılar. Ancaq həmin vətəndaş savadlı insan olaraq vergi faizinin ədalətsiz olduğunu ictimai müzakirəyə açmaqla əsla vətəndaşlıq mövqeyinə xəyanət etmiş olmaz.Oxşar olaraq, bir keşiş mənsubu olduğu kilsənin görüşlərini kilsə üzvlərinə öyrətməyə məsuldur, o məhz bu funksiyanı icra etmək üçün təyin edilib. Ancaq bir ziyalı olaraq həmin keşiş kilsənin görüşlərindəki çatışmazlıqlar haqqında diqqətlə düşünülmüş xoş məramlı iradlarını ifadə etmək və din və kilsə mövzularında konstruktiv təkliflər vermək azadlığına sahibdir. Bunu edərkən onu vicdansızlıqda ittiham etmək düzgün deyil. Bir kilsə mənsubu kimi kilsəsinin görüşlərini təbliğ edərkən öz qənaətlərindən istifadə etmək haqqına sahib deyil, o bu görüşləri başqasının adından və başqasının rəhbərliyi ilə təqdim edir. Belə deyir : “Bizim kilsəmizin öyrətdiyi budur, bu da dəlillər.” Öyrətdiklərini tam olaraq məqbul saymasa da ən azından onların içərisində dinə tam zidd heç bir müddəanın olmadığını da bilir. Bu doktrinalarda birbaşa dinin əsasına yönəlmiş heç nə olmur. Əgər öyrətdiklərində dinin əleyhinə elementlər olduğunu düşünürsə istefa verməsi daha doğru davranış olar. Beləliklə, təyin olunmuş bir din adamını kilsə icması qarşısında çıxışı zamanı ağlının özəl istifadəsindən yararlanır, icma nə qədər böyük olsa da bu istifadə hər zaman lokaldır. Bu halda din xadimi müstəqil deyil və başqa bir qurumun təlimatlarına əsasən danışır. Ancaq bir ziyalı kimi gördüyü nöqsanlar haqqında ictimaiyyətə ünvanlanmış yazılar yazan bu keşiş, ağlının ictimai istifadəsi zamanı öz rasional gücünün və ağlını danışdırmanın zövqünü yaşayar. İnsanların dini rəhbərlərinin qeyri-yetkin qalmaları gülüncdür və gülünclüyün əbədi olmasının təminatıdır. Bir keşişlər icması, kilsə assambleyası ya da hollandiyalıların özlərini adlandırdıqları kimi müqəddəs presbiteryanlıq özünü dəyişməz bir dini görüşə müqəddəs andla bağlamaqda və beləcə əbədiyyən hər bir üzvü və bu üzvləri vasitəsiylə digər insanlar üzərində dəyişməz nəzarət yaratmaqda haqlı deyilmi? Mən deyirəm ki, bu yolverilməzdir. Niyyəti insanlığın sonrakı aydınlanmasına mane olmaq olan belə bir anlaşma, üstün bir güc, parlamentlər, ən ciddi sülh müqavilələri tərəfindən ratifikasiya olunsa belə ölü doğulmuşdur. Bir dövr, özündən sonra gələn dövrün bilgisini genişləndirməsinə, səhvlərini düzəltməsinə, ümumiyyətlə aydınlanmasını irəlilətmə imkanına mane olacaq şəkildə yerini bərkitməməlidir. Bu, taleyi aydınlanma olan insan təbiətinə qarşı cinayətdir, sonrakı nəsillər belə anlaşmaları boş və kriminal saymaqda haqlıdırlar. İnsanların qanun olaraq qəbul edəcəkləri bir razılaşmanın kriteriyası bu sualın cavabıdır : Bir insan belə bir qanuna tabe olmaq istərdimi?Vəziyyətin düzəldilməsi üçün bütün vətəndaşlara, xüsusən ruhanilərə ziyalı kimi davranaraq mövcud qurumların çatışmazlıqları haqqında ictimaiyyəti yazılı məlumatlandırmaları üçün müvəqqəti bir göstəriş vermək mümkündür. Müvəqqəti göstəriş, bu problemlərin mahiyyətinə dair doğru və dərin anlayış geniş yayılana, nəticədə reform istəyən çoxluğun (mütləq əksəriyyət olması şərt deyil), məsələlərə yeni baxış qazanmış, buna görə də dəyişdirilmiş dini institutlarla yaşamaq istəyən insanları qoruması və hər şeyin əvvəl olduğu kimi qalmasını istəyənlərin müdaxiləsinə yol verməməsi məqsədiylə krala müraciət etmələrinə qədər qüvvədə qalmalıdır. Ancaq, həmin insanların heç kimin ömür boyu sorğu sual edə bilməyəcəyi yeni bir qurum yaratmalarına imkan verilməməlidir. Çünkü bu, insanın inkişafa doğru irəliləməsinə mane olacaq. Bir insan qısa müddətə öz aydınlanmasını təxirə sala bilər, ancaq aydınlanmanı özü üçün və sonrakı nəsillər üçün rədd etmək insanın müqəddəs hüquqlarını ayaq altında tapdamaqdır. İnsanların kollektiv iradələrini özündə birləşdirən monarxın qanunu yeritmək gücü vardır. Əgər o arzulanan irəliləmənin ictimai asayişə zidd olmadığını görsə, təbəələrinə mənəvi rifah üçün istədiklərini etmək icazəsi verə bilər, çünkü onun işi xilas etmək deyil, xilas olmaq istəyənləri dəstəkləməkdir, daha yaxşıya can atanlara zorla müdaxilə etmək istəyənlərin qarşısını almaqdır. Onun hökmranlığının təqdir edilən cəhəti yaxşının nədə olduğuna kralın deyil, insanların özlərinin qərar vermələridir, kral məsələnin mahiyyətinə müdaxilə edərsə nüfuzuna xələl gətirmiş olar. Bu, kralın öz intuisiyasından hərəkət edib “Caesar non est supra grammaticos” (1) qınağını üstünə çəkəndə də, dövlətindəki bəzi tiranların təbəələri üzərində mənəvi despotizmini dəstəkləməklə nüfuzunu yağmalatdıranda da belədir.Birisi “Biz indi aydınlanmış dövrdəmi yaşayırıq?” sualını versə, cavab “Xeyr, amma biz aydınlanma dövründə yaşayırıq” olacaq. Hazırda insanların öz ağıllarını kənardan istiqamətləndirmə olmadan dini mövzulara əminliklə tətbiq etmələrindən uzağıq. Ancaq biz, yolun açıq olduğunu, bu istiqamətdə sərbəst hərəkət etmək üçün və ümümi aydınlanmaya gedən yoldakı maneələrin tədricən ortadan qalxdığını görürük. Bu mənada, bu dövr aydınlanma dövrüdür, Fridrixin əsridir(2).Əgər bir hökmdar, dini məsələlərdə insanlara tam azadlıq vermək xaricində hansısa görüşü diktə etmənin onun vəzifəsi olmadığını deməkdən çəkinməzsə və təkəbbürlü “tolerant” sifətini rədd edərsə o özü aydınlanmışdır və ən azından hakimiyyətdən söz düşəndə indiki və gələcək nəsillər tərəfindən insanlığı yetişkin olmama halından xilas etdiyi və hər kəsə vicdan məsələlərində öz ağlını istifadə etmək azadlığı verdiyi üçün hörmətlə yad edilmək haqqı qazanmışdır. Onun hakimiyyətində möhtərəm keşişlər öz vəzifələrinə zərər vermədən ziyalı rolunda mühakimə və görüşlərini- bu görüşlər qəbul edilmiş dini doktrinlə ziddiyət təşkil etsə belə -dünyanın diqqətinə təqdim bilərlər. Bir rəsmi vəzifənin məhdudlaşdırmadığı insanların azadlığı daha çoxdur. Bu azadlıqlar öz funksiyalarını səhv başa düşən hakimiyyətlərin yaratdığı əngəllərlə toqquşmalı olsa belə, dayanmadan yayılır. Hakimiyyətlər, azadlığın mövcudluğunun ictimai asayişə və ölkə vətəndaşlarına ən kiçik zərər verməyəcəyini qəbul etməlidirlər. Məqsədyönlü şəkildə barbar qalmaları üçün hiylələr icad edilməzsə insanlar tədricən özlərini barbarlıqdan xilas edəcəklər.Mən, aydınlanma-insanın özünə təlqin etdiyi qeyri-yetkinlikdən qurtuluş-haqqında düşüncələrimi yazarkən əsasən dini mövzular haqqında danışdım. Əvvəla bizi idarə edənlər elm və sənət sahələrində təbəələrinə nəzarət etməkdə maraqlı deyillər, ikincisi dini mövzularda yetişkin olmama ən zərərli və rəzil olandır. Ancaq dini aydınlanma tərəfdarı olan dövlət rəhbərinin, aydınlanma yanaşmasını daha irəli apararaq onun qanunlarının daha yaxşı tərtib edilməsi yollarını da müzakirəyə açmasında- hətta bu müzakirələr qüvvədə olan qanunvericiliyi tənqid etsə belə- hakimiyyətinin legitimliyinə bir təhlükə yoxdur. Bizim monarxın timsalında bunun parlaq nümunəsi də var.Təkcə aydınlanmış və kölgələrdən qorxmayan, ictimai asayişin təminatı olan intizamlı və çoxsaylı ordusu olan bir hökmdar, heç bir respublikanın deməyə cəsarət etmədiyini deyə bilər: “İstədiyin qədər və istədiyin mövzuda müzakirə apar, ancaq itaət et!”. Burada, geniş perspektivdən baxanda hər dəfə olduğu kimi, insan işlərinin qəribə, gözlənilməz halı ilə qarşılaşırıq, ortaya bir paradoks çıxır. Vətəndaş azadlıqlarının böyük dərəcəsi insanların mənəvi azadlıqları üçün bir üstünlükdür, ancaq bəzən aşılmaz maneələr də yaradır. Əksinə, daha az vətəndaş azadlığı hamı üçün qabiliyyətlərini tam reallaşdırma imkanı yaradır.Beləliklə, təbiətin diqqətlə qoruduğu toxumun-azad düşüncəyə meyl və azad düşünmə istedadı- qabığı açıldımı, toxum tədricən azadlığa öyrəşən insanların xarakterini formalaşdırır və hətta hökümətin idarəetmə prinsiplərinə də təsir edir. Hökümət, insanlarına mexaniki varlıqlar kimi deyil, ləyaqəti olan insanlar kimi baxmaqla onlardan faydalandığını anlayır.(c)

Məqalə kulis.az saytından götürülmüşdür.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma